“Swandor Hotels” Türkiyənin ən böyük hotel investisiyalarından biri kimi tanınan Mardan Palace Otelini satın alaraq onun idarəçiliyini üzərinə götürdüyünü elan edib.
Turizmplus.az xəbər verir ki, şirkətin İdarəedici Direktoru M. Fazıl Dertioğlunun verdiyi açıqlamaya görə, bu addım Swandor Hotels-in Türkiyə turizminə və sektorun gələcəyinə olan inamının bariz göstəricisidir. Dertioğlu bildirib ki, Mardan Palace öz memarlığı, dekorasiyası və ultra-lüks konsepti ilə açıldığı gündən etibarən turizm sektorunda xüsusi yer tutub və bu mövqeyini bu gün də qoruyur.
Açıqlamada qeyd olunur ki, Swandor Hotels Mardan Palace-ın mövcud güclü memarlıq və dizayn xüsusiyyətlərini qorumaqla yanaşı, hotelin xidmət keyfiyyətini və sahələrini müasir turizm tələblərinə uyğun şəkildə yeniləməyi planlaşdırır. Məqsəd, otelin həm yerli, həm də beynəlxalq bazarda ultra-lüks resort turizmi sahəsində nümunəvi mövqeyini daha da gücləndirməkdir.

