“FUN&SUN” tur-operatoru iTour brendi altında fəaliyyət göstərəcək; Azərbaycanda da dəyişiklik var
FUN&SUN Kazakhstan turoperatoru 23 noyabr 2026-cı il tarixindən etibarən fəaliyyətini iTour beynəlxalq brendi altında davam etdirir.
Turizmplus.az xəbər verir ki, rebrendinq prosesi şirkətin Qazaxıstanla yanaşı, Azərbaycan, Özbəkistan və Qırğızıstandakı ofislərini də əhatə edir.
Şirkətin yaydığı rəsmi məlumatda bildirilir ki, FUN&SUN brendi altında uzunillik fəaliyyət mərhələsi başa çatır və turoperator bundan sonra özünə məxsus iTour brendi ilə fəaliyyət göstərəcək.
Dəyişiklik turizm agentlikləri ilə mövcud əməkdaşlıq şərtlərinə təsir etməyəcək. Belə ki, müqavilələr, hüquqi şəxs, bank rekvizitləri, şəxsi kabinetə giriş məlumatları və dəstək komandası əvvəlki qaydada qalacaq.
Əsas dəyişikliklər isə şirkətin adı, loqosu, rəsmi internet saytı və elektron poçt ünvanları ilə bağlıdır. Bundan sonra rezervasiyalar və turistlər üçün sənədlər iTour adı altında rəsmiləşdiriləcək.
Şirkətin yeni rəsmi internet ünvanı www.itour.travel olacaq.
Məlumata görə, baş ofisi Qazaxıstanda yerləşən iTour beynəlxalq turoperatorunun Azərbaycan, Özbəkistan və Qırğızıstanda nümayəndəlikləri fəaliyyət göstərir. Şirkət hər il 600 mindən çox turistə xidmət göstərdiyini açıqlayıb.
iTour-un distribusiya direktoru Almas Tursınbay bildirib ki, yeni beynəlxalq brendə keçid şirkətin gələcək inkişafı və tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm strateji addımdır.

