COP31 üçün Antalyaya gələn dünya liderləri hansı hotelləri seçib? – ARAŞDIRMA

Noyabr 12, 2026 11:18 / 52
COP31 üçün Antalyaya gələn dünya liderləri hansı hotelləri seçib? – ARAŞDIRMA
A-
A
A+

Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransı (COP31) şəhərin hotelçilik sektorunda da böyük canlanmaya səbəb olub. Dünya liderlərinin və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılanması üçün xüsusi hazırlıqlar görülüb, Belek bölgəsində təxminən 15 yüksək kateqoriyalı hotel seçilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Türkiyə mətbuatında yayımlanan məlumatlara əsasən, COP31 çərçivəsində bir sıra tanınmış siyasi xadimlərin yerləşdiyi hotellər də artıq məlum olub.

Türkiyə mətbuatında, o cümlədən Demirören Xəbər Agentliyinin (DHA) avqustun 12-də yaydığı məlumatda bildirilir ki, dünya liderlərinin iştirakı ilə keçiriləcək sammitin üç günlük hissəsi Belek bölgəsində təşkil olunacağı üçün burada yerləşən təxminən 15 hotel xüsusi olaraq seçilib. Peşəkar Hotel Menecerləri Assosiasiyasının (POYD) sədr müavini Ercan Çekin sözlərinə görə, bu hotellər regionun ən keyfiyyətli və yüksək seqmentli yerləşmə müəssisələridir. ABŞ, Almaniya, Böyük Britaniya və digər ölkələrdən dövlət və hökumət başçılarının qəbul edilməsi nəzərdə tutulub.

Agentliyin məlumatında Antalya üzrə hazırlıqların yalnız Belek hotelləri ilə məhdudlaşmadığı da qeyd olunur. Lara və digər turizm bölgələrində yerləşən hotellərdə də beynəlxalq nümayəndə heyətlərinin, nazirlərin, ekspertlərin və digər yüksək səviyyəli qonaqların qarşılanması üçün işlər aparılıb. POYD nümayəndələri COP31 çərçivəsində Antalyaya 80 mindən çox turist və xarici nümayəndə heyətinin gələcəyini gözlədiklərini bildiriblər.

COP31 çərçivəsində bəzi tanınmış siyasi və beynəlxalq xadimlərin yerləşdiyi hotellər Türkiyənin turizm mediasında ayrıca xəbərlərə çevrilib.

Tourism Today nəşrinin məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş “Gloria Hotels & Resorts” kompleksində qonaq edilib. Nəşr bu barədə xüsusi material yayımlayaraq beynəlxalq təşkilat rəhbərinin hotel seçimini diqqətə çatdırıb.

Digər diqqətçəkən məlumat isə Çin nümayəndə heyəti ilə bağlıdır. Belə ki, Çin Xalq Respublikasının Sədr müavini Han Zheng COP31 çərçivəsində Antalyada yerləşən “Titanic Luxury Collection Belek” hotelini seçib. Tourism Today bu barədə də ayrıca xəbər yayımlayıb. Hotelin bağlı olduğu Titanic Hotels şəbəkəsi də COP31 çərçivəsində beynəlxalq nümayəndə heyətlərinin qarşılanması ilə bağlı məlumat paylaşıb.

Beləliklə, Gloria Hotels & Resorts və Titanic Luxury Collection Belek COP31 çərçivəsində beynəlxalq səviyyəli qonaqları qəbul edən hotel brendləri sırasında diqqət çəkir.

Qeyd edək ki, COP31 noyabrın 9-dan 20-dək Antalyada keçirilir. Konfransın əsas tədbirləri EXPO 2016 Antalya ərazisində təşkil olunur. Noyabrın 11-12-də keçirilən Liderlər Sammiti isə dünya siyasətinin və beynəlxalq diplomatiyanın əsas simalarını bir araya gətirir.

Oxşar xəbərlər