Azərbaycan vətəndaşları üçün bu ölkəyə səfərlər VİZASIZ OLACAQ
Azərbaycan və Kolumbiya arasında adi pasport sahiblərinin qarşılıqlı olaraq viza tələbindən azad edilməsini nəzərdə tutan saziş imzalanıb.
Turizmplus.az xəbər verir ki, sənəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar arasında BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdən sonra imzalanıb.
Görüş zamanı Azərbaycan–Kolumbiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Müzakirələr zamanı iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları da nəzərdən keçirilib. Həmçinin BMT də daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İmzalanan saziş Azərbaycan və Kolumbiya arasında adi pasport sahibləri üçün qarşılıqlı viza azadolmasını nəzərdə tutur.

