TURİZMÇİLƏR İCTİMAİ DİNLƏMƏDƏ: ƏDV-dən azadolma və viza məsələlərinə toxunuldu

Fevral 28, 2026 13:17 / 72
TURİZMÇİLƏR İCTİMAİ DİNLƏMƏDƏ: ƏDV-dən azadolma və viza məsələlərinə toxunuldu
A-
A
A+

Milli Məclisdə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə turizm sektorunun aktual problemləri, vergi siyasəti və viza prosedurları geniş müzakirə olunub. Tədbirdə çıxış edən sektor nümayəndələri turizmin inkişafı üçün normativ-hüquqi və inzibati mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar.

cbx-add

ƏDV-dən azadolma və differensial vergi təklifi

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İctimai Birliyinin sədri Ruslan Quliyev çıxışında bildirib ki, Azərbaycanda gəlmə və daxili turizm əməliyyatları əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir. Onun sözlərinə görə, bu addım sektorun rəqabət qabiliyyətini artırmaqla yanaşı, turizm axınının stimullaşdırılmasına da töhfə verə bilər.

Assosiasiya sədri eyni zamanda turizm sahəsində differensial vergi sisteminin tətbiqini təklif edib. Qeyd olunub ki, bu mexanizm daimi deyil, 2-3 il müddətinə nəzərdə tutulmalı və keçid dövrü xarakteri daşımalıdır. Bildirilib ki, xüsusilə Qarabağ bölgəsində aparılan genişmiqyaslı quruculuq işləri fonunda belə təşviqedici vergi siyasəti investisiya mühitinə müsbət təsir göstərə bilər.

Viza prosedurlarında yaranan çətinliklər

İctimai dinləmədə viza məsələsi də xüsusi diqqət mərkəzində olub. “Luna Travel” şirkətinin rəhbəri Rəhman Quliyev bildirib ki, son aylarda xarici ölkələrə səfər etmək istəyən vətəndaşlar viza müraciəti üçün sənədlərin təqdim olunmasına dair görüş vaxtı almaqda ciddi çətinliklərlə üzləşirlər. Randevu tarixlərinin aylarla gecikməsi artıq sistemli xarakter almağa başlayıb və bu vəziyyət cəmiyyətdə haqlı narahatlıq yaradır.

Onun sözlərinə görə, problem təkcə turistik səfərlərlə məhdudlaşmır. Xaricdə təhsil almağa hazırlaşan tələbələr qəbul müddətlərini qaçırmaq riski ilə üz-üzə qalır, iş adamları beynəlxalq görüş və müqavilələrə vaxtında qatıla bilmir, müxtəlif sahələr üzrə mütəxəssislər isə planlaşdırılmış səfərlərini reallaşdırmaqda çətinlik çəkirlər. Nəticədə vətəndaşlar həm maddi, həm də mənəvi itkilərlə qarşılaşır, bu isə ölkənin beynəlxalq iqtisadi və humanitar əlaqələrinə də təsirsiz ötüşmür.

Qeyd olunub ki, viza prosesindəki gecikmələr turizm sektoruna da birbaşa təsir edir. Sahibkarlar əvvəlcədən planlaşdırılmış səfərləri həyata keçirə bilmədikləri üçün etimad itkisi və iqtisadi çətinliklərlə üzləşirlər.

Oxşar xəbərlər