USD 1.7
12 °C

Turizmçilər AZAL-ın yeni komandasından nə gözləyir? — TURİZMÇİLƏR DANIŞIR

Fevral 23, 2024 13:56 / 20
Turizmçilər AZAL-ın yeni komandasından nə gözləyir? — TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Xəbər verdiyimiz kimi, fevralın 22-də Prezident İlham Əliyev Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti təyin olunması ilə bağlı sərəncam imzalayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, son 1 il ərzində AZAL-da dəyişikliklər dalğası başlamışdı. Təyinata qədər Samir Rzayev QSC-nin birinci vitse-prezidenti vəzifəsində çalışırdı. Bundan əlavə, şöbə və departamentlərə yeni rəhbərlər və işçilərin təyinatı baş tuturdu.

Təyinatlar və kadr islahatları çərçivəsində «Turizmplus» Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərlərindən yeni komanda ilə bağlı fikirləri və gözləntiləri soruşub.

«Luna Travel» şirkətinin rəhbəri Rəhman Quliyev:

«Dünən cənab Prezidentin sərəncamı ilə Azərbaycan Hava Yolları qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edildi. Çoxdan gözlənilən kadr islahatları sektora sağlam təfəkkür və modern yeniliklər gətirəcək. Nəzərə alsaq ki, bu gün işgaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində inşa olunan beynəlxalq hava limanlarına uçuşların əsasını Azərbaycan Hava Yolları həyata keçirəcək, burada aviakompaniyanın da üzərinə ciddi və böyük məsuliyyət düşəcək. Milli aviadaşıyıcımız müxtəlif ölkələrə uçuş həyata keçirir. Azərbaycan hüdudlarından kənara uçuş istiqaməti seçiminin ölkəmiz üçün iqtisadi baxımdan nə qədər səmərəli olmasından asılı olmayaraq xalqlar arası inteqrasiyani təmin edir , ticarət əlaqələrini genişləndirir və dövlətlər arası siyasətdə də müsbət rol oynayır.

Azərbaycan Hava Yolları ölkəmizin turizm inkişafında mühüm rol oynayır. Bu baxımdan aviaşirkətin daha çox təlabat olan istiqamətlərə və yeni destinasiyalara uçması Azərbaycana turist axınını mütamadiləşdirəcək. Xüsusən də gələcək prespektivləri araşdırıb hava yolları ilə yerli turizm şirkətləri arasında hər zaman əməkdaşlıq etməyi, müəyyən güzəştlərin olunması və ümumi qiymət siyasətinə yenidən nəzər salınmasını zəruri hesab edirəm. Beynəxalq təcrübə onu göstərir ki, əlaqəli qurumlar birgə iş planı çərçivəsində layhiələri daha çevik və məhsuldar etməyə daha çox nail olurlar. Bu baxımdan turizm şirkətlərinin aviaşirkətlərlə sıx əməkdaşlığı ən yüksək səviyyədə təmin olunmalıdır».

«Bee Tours» şirkətinin rəhbəri Azər Hüseynov:

«Azərbaycan Hava Yolları hər zaman bizim qürur mənbəyimiz olub. Ona görə ki, Azərbaycana səyahət edən turistlər hər zaman AZAL-ı üstün tutub, Azərbaycana səfər etdikləri zaman öz yerli aviaşirkətləri ilə müqayisədə AZAL-a üstünlük veriblər. Bunun da müxtəlif səbəbləri var; Pilotların peşəkarlığı, təyyarələrin sazlığı və xidmətin üstünlüyü.

Yeni komanda isə bir neçə aydır işə başlayıb. Mən də xarici ölkələrə müntəzəm səyahət edən bir vətəndaş olaraq istər xidmətin keyfiyyətində, istər müştərilərin maraqlarını qarşılayacaq müxtəlif kampaniyaların keçirilməsində, istərsə də texnologiyaların yenilənməsində inkişaf görürəm.

Lakin turizm sənayesinin nümayəndəsi, il ərzində Azərbaycana xarici ölkələrdən qruplar gətirən şirkət sahibi kimi bildirməliyəm ki, hazırda AZAL-ın ölkəyə turistlər gətirən şirkətlər ilə əməkdaşlığında daha şəffaf, daha legitim və daha açıq mexanizmlər gözləyirəm. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi müqavilələrdə iki standartla yanaşmalar olur. Bundan başqa çox istərdik ki, hazırda intensiv çalışdığımız, prioritet olaraq seçdiyimiz turizm bazarlarında «Azərbaycan Hava Yolları» ilə daha sıx əməkdaşlıq edək. Elan edilən tenderlər barədə ilk olaraq Assosiasiya üzvlərinin və ölkəyə həmin bazarlardan turist gətirən qabaqcıl turizm şirkətlərinin xəbəri olsun. Əminəm ki, AZAL-ın yeni komandası səsimizi eşidəcək, şikayət etdiyimiz yönlər üzrə işlər başlanacaq. Yeni AZAL rəhbərliyi cənab prezident İlham Əliyevin etimadını doğruldacaq və onlara dövlət tərəfindən verilmiş bu mötəbər vəzifəni layiqincə yerinə yetirəcək».

«Karabakh Tours» şirkətinin rəhbəri Kənan Hənifəyev:

«İlk növbədə Samir bəyi AZAL-ın prezidenti təyin edilməsi münasibətilə təbrik edir və yeni vəzifə fəaliyyətində uğurlar arzulayıram. AZAL-dan yenilik gözləntimiz böyükdür. Rəhbərlikdən AZAL-ın imicinin müsbət yöndə inkişaf etdiriləcəyini gözləyirəm. Çünki, illərlə qiymət siyasəti «çox» və «baha» sözləri ilə yanaşı işlənib. Bu mövzuların sərnişinlər və turizmçilər üçüm müsbət həllini tapacağına ümid edirəm. Həmçinin hava limanında və QSC-də calışan şəxslərin turizmə «bir köynək» yaxın olan əməkdaşlardan ibarət olacağını gözləyirəm.

Bundan əlavə uçuş coğrafiyasının genişləndirilməsi, münbüt qiymət siyasətinin formalaşdırılması, turizm agentlikləri ilə sıx əməkdaşlıq və tövsiyyə iradlarını müzakirə edilməsi də gözləntilərim arasındadır. Çox istərdik ki, daha çox da yerli turizm agentlikləri üçün satış qiymət siyasətində müəyyən üstünlüklər olsun»

«Globus Travel» şirkətinin rəhbəri Eldəniz Səfərli:

«Yeni təyinatların həm AZAL həm də turizm sahəsində çalışan insanlar üçün müsbət dəyişikliklərlə nəticələnəcəyindən əminəm. Turizm agentliklərinin uyğun qiymətlərlə tur-paketləri hazırlanmasında aviabiletlərin rolu böyükdür. Bu mənada, əsas gözləntimiz AZAL-ın uyğun qiymət tariflərinin formalaşdırılmasıdır».

Oxşar xəbərlər