USD 1.7
14 °C

Tur menecerlər göstərdikləri konsultasiya xidmətinə görə ödəniş almalıdırmı? – TURİZMÇİLƏR DANIŞIR

Oktyabr 28, 2024 14:58 / 385
Tur menecerlər göstərdikləri konsultasiya xidmətinə görə ödəniş almalıdırmı? – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Yeni turların ölkə ərazisində satışı, eləcə də yüksək mövsüm zamanı müştərilər bir neçə turizm şirkətinə eyni sorğunu yönləndirərək ən sərfəli variantı axtarırlar. Bu zaman cüzi fərqlə təqdim olunmuş qiymət digər şirkətlərin təkliflərini arxada buraxır. Beləcə, müştəri istəyinə çatsa da şirkət menecerləri bir çox hallarda günlərlə bu turun üzərində çalışıb, vaxt sərf etməli olurlar. Bəzən isə müştərilər kifayət qədər fərqə inanıb dələduz şirkətlərin qurbanına çevrilir.

cbx-add

Dünya təcrübəsində turizm şirkətlərinin menecerlərinin göstərdiyi xidmətə görə əvvəlcədən ödəniş alması, müştəri turu aldıqdan sonra isə həmin məbləğin bu ödənişdən çıxılması təcrübəsi mövcuddur. Bəs Azərbaycanda bu sistem necə işləyər?

Turizmplus.az şirkət nümayəndələrindən bu barədə soruşub.

Tur menecerlər göstərdikləri konsultasiya xidmətinə görə ödəniş almalıdırmı?

“GTT Travel” şirkətinin rəhbəri İlahə Məmmədovanın sözlərinə görə, turistlərin istənilən qədər sorğu göndərmək haqqı var.

“Ancaq müştərilər bir çox hallarda 5 AZN fərqlə satış edən şirkətlərdən belə tur alırlar. Bundan əlavə bəzi turistlər onlayn aviabilet almağına baxmayaraq yenə də turizm şirkətlərinin menecerlərinə bu biletlə bağlı suallar ünvanlayır, onların vaxtını alır. İllərdir qurulan münasibətlərə görə biz də ödənişsiz bütün sulları cavablandırmalı oluruq. Ancaq nəzərə alsaq ki, sektorda satışları net qiymətinə müştərilərə təklif edən vaxtına və özünə hörmət etməyən insanlar var, bu mənada konsultasiyalara görə ödəniş alınması prosesi də yaxın gələcəkdə real görünmür. Hazırda konsultasiyaya görə ödənişin alınması real görünməsə də gələcəkdə bu hal müsbət nəticələr verə bilər”, – deyə İlahə Məmmədova bildirib.

“Green Apple MICE & Leisure Travel” şirkətinin Baş direktoru Fərahim Əliyevin sözlərinə görə, müştərilərə dolğun informasiya verdikdən sonra onlar əksər hallarda daha ucuz bir qiymətə tur təklif edən, ofisi olmayan, dövlətə vergi ödəməyən, işçilərə maaş verməyən, sosial şəbəkələr üzərindən işləyən bir şəxsə müraciət edir, “coffee shop”da görüşüb ondan bu tur-paketi alır.

“İlk növbədə belə peşəkər sual verdiyinizə görə sizə təşəkkür edirəm. Hər kəsi narahat edən mövzulardan biridir. Hər hansı bir sərnişinə turpaket hazırlayıb satanda, biz ona tam ətraflı məlumat veririk, Bakıdan başlayaraq tam getdiyi nöqtəyə qədər. Baqajın yığılmasından hansı dərmanlar götürülməlidir, uşaq varsa ona uyğun yemək, dərman seçimi, kremlər, transfer və s.  nüanslar izah edilir və bütün xırdalıqlar nəzərə alınır. Müştərilər isə əksər hallarda daha ucuz bir qiymətə tur təklif edən, ofisi olmayan, dövlətə vergi ödəməyən, işçilərə maaş verməyən, sosial şəbəkələr üzərindən işləyən bir şəxsə müraciət edir, “coffee shop”da görüşüb ondan bu tur-paketi alır alır.

Onu da qeyd etməliyəm ki, Avropa ölkələrində və Rusiyanın bir sıra turizm şirkətlərində konsultasiyaya görə ödənişin alınması praktikası var”, – deyə Fərahim Əliyev vurğulayıb.

“Baku Holiday Travel” şirkətinin nümayəndəsi Nurlan Səfərli saytımıza bildirib ki, konsultasiyaların ödənişli olması fikri məqsədəuyğundur.

“Əvvəlcə qeyd etmək istərdim ki, turizm sahəsində fəaliyyət göstərən həmkarlarımız üçün önəmli olan bir nüansa toxundunuz. Bu hallarla əksəriyyətimiz qarşılaşırıq, hansı ki müştərilərin hər bir sorğusu dəqiq və peşəkarcasına cavablandırılır lakin müştərilər lazımi məlumatı topladıqdan sonra cüzi qiymət fərqinə görə alış etmirlər. Ya əməyinə qiymət verməyən və ya rəsmi fəaliyyət göstərməyən, ən əsası da tur menecerlərimizin verdiyi detallı məlumatdan sözün əsl mənasında xəbərdar olmayan dırnaqarası turizm işçilərindən alırlar. Bu kimi səbəblərdən konsultasiyaların ödənişli olması fikri məqsədəuyğundur. Ümid edirik ki, zamanla bu mövzu daha da aktual hal alaraq reallığa çevrilə bilər”, – deyə Nurlan Səfərli qeyd edib.

Oxşar xəbərlər