«Savtour» yeni onlayn rezervasiya sistemini təqdim etdi – MÜSAHİBƏ
“Savtour” səyahət agentliyi bu günlərdə yeni onlayn B2B sistemini şirkətlərə təqdim edib.
Bu barədə şirkətin rəhbəri Vüsal Əsgərov Turizmplus.az saytına məlumat verib. V.Əsgərov qeyd edib ki, bir neçə ildir Özbəkistan şirkətləri ilə qurulan etibarlı əlaqələrin ardından yeni sistemin yaradılması zərurəti yaranıb. Bundan əlavə online.savtour.az sisteminin əsas özəlliklərindən biri də xidmət və keyfiyyətləri ilə seçilən yerli sanatoriyaların onlayn qaydada rezervasiya edilməsidir. Yerli şirkətlər aşağıda adı çəkilən sanatoriyaları sistem üzərindən rezervasiya edə bilərlər. Bunlara Naftalanda yerləşən “Gashalti Health Hotel”, “Chinar Hotel & Spa”, “Garabag Resort & Spa”, Şabranda yerləşən “Galaalti Hotel & Spa” və Lənkəranda yerləşən “Lankaran Springs Wellness Resort” hotelləri aiddir.
“Sistem vasitəsilə Özbəkistandan Azərbaycana gələn turistlər üçün hazır tur paketlərin, hotellərin, eyni zamanda kombo turların satışı həyata keçiriləcək. Satdığımız hotellərin mütləq əksəriyyəti “TABIA Group”un nəzdində fəaliyyət göstərir. Biz satışların həyata keçirilməsi üzrə Azərbaycanda ilk beşlikdə yer alırıq. Bundan əlavə sistem üzərindən Bakıda fəaliyyət göstərən hotelləri də rezervasiya etmək mümkün olacaq.
Düşünürəm ki, bu platforma yerli şirkətlərimiz üçün də əhəmiyyətli rola malik olacaq. Mən dəyərli şirkət nümayəndələrimizi əsasən də sanatoriyalar üzrə satışları online.savtour.az platforması üzərindən etməyə çağırırıam”, – deyə Vüsal Əsgərov qeyd edib.