“Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub”.

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu Dubayda jurnalistlərlə söhbətində Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır:
“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.
Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.
“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb.
“Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir”.
Həmçinin bildirilib ki, müvafiq razılıq olarsa, ADY həmin istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlaya bilər.