Türkiyənin AJet Hava Yolları 3 iyun 2025-ci il tarixindən etibarən İstanbul Sabiha Gökçen Hava Limanından Naxçıvan Muxtar Respublikası və Gəncə şəhərinə birbaşa uçuşlara start verib. İlk reysin icrası zamanı AJet-ə məxsus Airbus A321 təyyarəsi Naxçıvanda və Gəncədə xüsusi açılış mərasimləri ilə qarşılanıb.

Turizmplus.az xəbər verir ki, ilk uçuşda AJet Satış Başkanı Macid Boyar rəhbərliyindəki nümayəndə heyəti Azərbaycana səfər edib. Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən rəsmi qarşılanma mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Xarici İşlər Nazirliyinin Naxçıvan İdarəsinin rəisi Vüsal Ələkbərov, Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya və digər rəsmi şəxslər iştirak ediblər.
Daha sonra Gəncə şəhərində də xüsusi tədbir təşkil olunub. Burada AJet nümayəndələrini Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop və yerli rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, AJet Hava Yolları 31 mart 2024-cü ildən Azərbaycana münasib qiymət və yüksək xidmət prinsipi ilə uçuşlara başlayıb. Yeni istiqamətə əsasən, AJet həftənin 2-ci (çərşənbə axşamı) və 6-cı (şənbə) günləri İstanbuldan Naxçıvan və Gəncəyə müntəzəm reyslər həyata keçirəcək.
Bu yeni hava əlaqəsi iki qardaş ölkə arasında həm turizm axınının, həm də iqtisadi və mədəni əlaqələrin güclənməsinə töhfə verəcək.



