Tanış olun, “Arcanus Hotels Trendline Side” – REDAKTORUN QEYDLƏRİ

Avqust 26, 2026 14:59 / 11
Tanış olun, “Arcanus Hotels Trendline Side” – REDAKTORUN QEYDLƏRİ
A-
A
A+

Türkiyənin Antalya bölgəsində yerləşən Arcanus Hotels Trendline Side hotelində qonaq oldum. Bu yazıda məqsədim hotel haqqında klassik təqdimat hazırlamaq deyil. Bir həftə ərzində qonaq kimi yaşadığım təcrübəni, bəyəndiyim məqamları və xüsusilə ailə ilə səyahət edənlərin nəzərə almalı olduğu detalları bölüşməkdir.

cbx-add

Antalya hava limanından hotelə fərdi transferlə təxminən 45 dəqiqə–1 saat ərzində çatmaq mümkündür. Mənim üçün fərdi transferin əsas üstünlüyü yolun yorucu olmaması idi. Qarşılama zamanı isə ilk təəssürat kifayət qədər müsbət oldu. Ön ofisdə çalışan əməkdaşlar mehriban, gülərüz və qonaqlara qarşı diqqətli idilər.

Hotel yeni təmirdən çıxıb və bunu ilk baxışdan hiss etmək mümkündür. Ümumi görünüşü olduqca gümrah, səliqəli və müasirdir. Sahəsinin çox böyük olmaması isə məncə burada mənfi yox, müəyyən mənada üstünlükdür. Hotel kompakt quruluşa malikdir və gün ərzində bir məkandan digərinə getmək üçün uzun məsafələr qət etməyə ehtiyac qalmır. Xüsusilə körpə ilə səyahət edənlər üçün bu, isti yay günlərində əlavə üstünlükdür. Körpəyə isti olmasın deyə hotel daxilində bir məkandan digərinə keçmək üçün uzun müddət açıq havada qalmağa və çox çölə çıxmağa ehtiyac qalmır. İstədiyiniz yeri qısa zamanda tapa bilirsiniz.

Qidalanma

Arcanus Trendline Side-də qidalanma mənim üçün hotelin ən uğurlu tərəflərindən biri oldu.

Əsas restoranda müxtəlif mətbəxlərdən nümunələr təqdim edilir. Bununla yanaşı, hotelin üç A’la Carte restoranı fəaliyyət göstərir: Türkiyə mətbəxi təqdim edən Turquoise Restaurant, İtaliya mətbəxi təqdim edən Al Dente Ristorante və Meksika mətbəxi təqdim edən The Mexican Chill Restaurant.

Şəxsən mən isə ən çox hotelin təqdim etdiyi yerli, yəni Türkiyə təamlarını bəyəndim. Hətta bu hotel mənim yaddaşımda bir qədər də ləzzətli supları və südlü paxlavası ilə qalacaq.

Bu yazı vasitəsilə bəyəndiyim Quzu şorbasını bir daha fərdi olaraq mənim üçün hazırldaqlarına görə Şefə təşəkkür edirəm.

Gün ərzində şirniyyat, çay və digər qəlyanaltılar üçün 24 saat fəaliyyət göstərən Brasserie də xüsusilə rahat seçimdir. Hotelin bu konsepti gec saatlarda belə qonağın nəsə yeyib-içmək imkanının olmasına şərait yaradır.

Personal

Hotel haqqında ayrıca qeyd etmək istədiyim məqamlardan biri personaldır.

Çünki bəzi hotellərdə əməkdaşların gülümsəməsi və qonağa diqqəti sırf xidmət standartının bir hissəsi kimi hiss olunur. Burada isə mənə elə gəldi ki, bu münasibət daha səmimidir.

Əməkdaşların mehriban və gülərüz olması bütün qonaqlama müddətində hiss olunurdu. Hətta bu barədə hotelin F&B Managerinə də xüsusi təşəkkürümü bildirdim.

Məncə, hotelin üstünlüklərindən biri məhz budur: qonaq özünü sadəcə xidmət alan şəxs kimi deyil, burada işləyənləri ailənin bir üzvü kimi qəbul edir.

Əyləncə

İlk baxışda hotelin əyləncə proqramı gözə o qədər də çox görünməyə bilər. Amma gün ərzində proqramı izlədikcə əslində kifayət qədər geniş fəaliyyətlərin olduğunu görürsünüz.

Əyləncələr həm hovuz ətrafında, həm hotel daxilində, həm də müəyyən vaxtlarda çimərlikdə təşkil olunur. Buna görə də hotelin gündəlik proqramını əvvəlcədən bilmək kifayət qədər faydalıdır. Əks halda bəzi fəaliyyətlərdən xəbəriniz olmaya bilər.

Mənim şəxsi favoritimsə su polosu oldu.

Gün ərzində müxtəlif fəaliyyətlər davam edir, axşam saatlarında isə proqram daha da dəyişir. Şoular, xaricdən gələn akrobatların çıxışları, musiqili proqramlar və müxtəlif səhnə təqdimatları təşkil olunur.

Yəni “hotel sakitdir, axşam heç nə yoxdur” demək doğru olmaz. Sadəcə proqramı izləmək lazımdır.

Ailəvi istirahət

Arcanus Trendline Side mənim fikrimcə, ilk növbədə ailəvi istirahət üçün nəzərdə tutulmuş hotellərdən biridir.

Qonaqlar arasında xüsusilə İngiltərə, Almaniya və Polşadan gələn turistlərin çoxluq təşkil etdiyini müşahidə etdim. Bu da hotelin beynəlxalq və ailəvi atmosferini daha da artırır.

Uşaqlar üçün Kids Club fəaliyyət göstərir. Burada müəyyən yaş qrupundan olan uşaqlar üçün müxtəlif fəaliyyətlər təşkil olunur. Hotelin məlumatları və qonaq təcrübələri də Kids Club və uşaq əyləncələrinin hotelin əsas üstünlüklərindən olduğunu göstərir.

Dəniz

Hotelin bir qədər fərqli tərəfi isə dənizə məsafəsidir.

Dəniz hotelin birbaşa qarşısında deyil. Avtomobillə təxminən 5 dəqiqə, piyada isə 15 dəqiqəlik məsafədədir.

Amma bu, mənim üçün ciddi problem olmadı. Çünki hotelin qarşısından çimərliyə müntəzəm şatllar fəaliyyət göstərir. Mənim qaldığım müddətdə şatllar təxminən hər 10–12 dəqiqədən bir, səhər 08:30-dan 17:00-a qədər qonaqları dənizə aparırdı.

Ona görə də “dəniz uzaqdır” ifadəsini bir qədər şərti qəbul etmək lazımdır. Piyada getmək istəyən üçün də məsafə əlçatandır, amma isti havada şatldan istifadə etmək daha rahatdır. Çimərlik mavi bayraq alıb. Dənizi olduqca təmizdir və sahil qumludur.

Otaqlar

Qaldığımız otaq mənə şəxsən bir qədər balaca gəldi. Bununla belə, səliqə və yenilik baxımından iradım olmadı. Otaqlar təmiz, baxımlı və yeni təmirdən çıxmış hotelin ümumi konsepsiyasına uyğun görünür.

Amma körpə ilə səyahət edirsinizsə, burada bir detalı xüsusilə nəzərə almağı tövsiyə edərdim.

Ən yuxarı mərtəbədə yerləşən otaqları seçərkən diqqətli olun. Körpə yatağı və uşaq arabası ilə otaqda hərəkət etmək bir qədər çətinləşə bilər.

Qiymət və ümumi dəyərləndirmə

Əlbəttə, hotel seçimində ən vacib məsələlərdən biri qiymətdir. Arcanus Trendline Side-ni eyni kateqoriyadakı hotellərlə müqayisə etdikdə qiymət–keyfiyyət baxımından kifayət qədər uğurlu seçim hesab edirəm.

Böyük, kilometrlərlə məsafəsi olan resortlardan fərqli olaraq hotel daha kompakt quruluşa malikdir. Eyni zamanda qidalanma, əyləncə, hovuzlar, uşaqlar üçün imkanlar və çimərliyə transfer kimi əsas xidmətlər mövcuddur.

Mənim üçün Arcanus Hotels Trendline Side-nin əsas üstünlüyü də məhz bu balans oldu: çox böyük və yorucu resort hissi yaratmadan ailəvi istirahət üçün lazım olan əsas imkanları bir araya gətirir.

Əgər məqsədiniz uşaqlarla birlikdə rahat, çox uzaq məsafələr qət etmədən, gün ərzində həm istirahət, həm əyləncə, həm də yaxşı qidalanma imkanının olduğu hotel seçməkdirsə, Arcanus Trendline Side nəzərdən keçirilə biləcək variantlardan biridir.

Mənim 13–19 avqust tarixlərindəki qonaqlama təcrübəmdən sonra hotel haqqında ümumi fikrim müsbətdir. Xüsusilə personalın səmimiyyəti, qidalanma, kompakt quruluş və ailəvi atmosfer hotelin yadda qalan tərəfləri oldu.

Bir sözlə, Arcanus Trendline Side mənim üçün “hər şey nəhəng olsun” prinsipi ilə deyil, “lazım olan hər şey əlçatan olsun” prinsipi ilə seçilən hotellərdən biri oldu.

Bu gözəl qonaqlama təcrübəsinə görə Summer Tour şirkətinə də xüsusi təşəkkürümü bildirirəm. Səfərin təşkilində, transferlərin rahatlığında və ümumi xidmətin yüksək səviyyədə qurulmasında göstərdikləri diqqəti yüksək qiymətləndirirəm.

Oxşar xəbərlər