Dubaydakı Atlantis The Royal dünyanın ən bahalı hotel nömrəsinə ev sahibliyi edir.
Turizmplus.az xəbər verir ki, hotelin iki mərtəbəli penthaus süitində bir gecəlik qonaqlama qiyməti 100 min ABŞ dolları təşkil edir.
Ümumi sahəsi 1 604 kvadratmetr olan lüks süit eyni anda 9 böyük və 4 uşağı qəbul edə bilir. Süitdə dörd yataq otağı, panoramik mənzərəli qızdırılan şəxsi hovuz, geniş terras, yay mətbəxi, şəxsi kinoteatr, kitabxana, fərdi lift, qarderob otaqları və digər premium imkanlar mövcuddur.
Qonaqların istifadəsinə həmçinin Hermès və Graff markalarının şəxsi qulluq vasitələri, eləcə də xüsusi dizayn edilmiş Louis Vuitton stolüstü tennis masası təqdim edilir.
Bir gecəlik yerləşmə haqqına şəxsi aşpaz, 24 saat eşikağası (butler) xidməti, xüsusi mühafizə və digər fərdi xidmətlər də daxildir. Süitdə ayrıca mətbəx və 12 nəfərlik yemək zalı da yerləşir.
Mütəxəssislərin fikrincə, Formula 1 Monako Qran-prisi kimi iri tədbirlər zamanı bəzi hotellərdə otaq qiymətləri müvəqqəti olaraq bu məbləği keçsə də, Atlantis The Royal-ın penthaus süiti ilboyu 100 min dollarlıq standart qiymətini qoruyan nadir hotel nömrələrindən biri hesab olunur.

