Turizm sərgiləri hələ də effektivdirmi? Azərbaycan turizmi 2026-dan nə gözləyir? – TURİZMÇİLƏR DANIŞIR

Fevral 6, 2026 12:17 / 522
Turizm sərgiləri hələ də effektivdirmi? Azərbaycan turizmi 2026-dan nə gözləyir? – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Turizm sənayesi üçün ilin ən fəal dövrlərindən biri sayılan bu günlərdə Azərbaycan turizmçiləri dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində iştirak edirlər.

cbx-add

Turizmplus.az xəbər verir ki, İsrailin Tel-Əviv şəhərində təşkil olunan IMTM 2026, Türkiyənin İstanbul şəhərində keçirilən EMITT 2026 və Hindistanın Mumbai şəhərində baş tutan OTM Mumbai beynəlxalq turizm sərgilərində Azərbaycan şirkətləri və nümayəndə heyəti aktiv şəkildə təmsil olunur. Bu sərgilər çərçivəsində həm yerli turizm şirkətləri, həm də ümumilikdə Azərbaycan turizmi üçün 2026-cı il üzrə gözləntilər, prioritetlər və strateji hədəflər müzakirə edilir.

IMTM 2026 sərgisində iştirak edən “Green Apple MICE & Leisure Travel” şirkətinin baş direktoru Fərahim Əliyevin sözlərinə görə, beynəlxalq turizm sərgiləri bu gün də turizm sənayesinin əsas peşəkar platformalarından biri olaraq qalır. Lakin artıq bu sərgilərdən gözləntilər əvvəlki illərlə müqayisədə daha realist və strateji xarakter daşıyır. Onun fikrincə, beynəlxalq sərgilər “təkbaşına möcüzə yaradan alət” olmasa da, düzgün planlaşdırma və strategiya ilə istifadə edildikdə Azərbaycan turizmi və yerli şirkətlər üçün mühüm nəticələr verə bilər. Bu platformalarda əsas məqsədlərdən biri Azərbaycanın təhlükəsiz, müasir və cəlbedici turizm istiqaməti kimi təqdim olunması, ölkə imicinin gücləndirilməsi və sərgidən sonra real turist axınına çevrilən marağın formalaşdırılmasıdır. Bununla yanaşı, turizm məhsullarının şaxələndirilməsi – təkcə Bakı deyil, regionlar, sağlamlıq, mədəni, qastronomik və MICE turizminin tanıdılması da əsas prioritetlər sırasındadır. Digər mühüm istiqamət isə investisiya cəlbi, xüsusilə otel, resort, əyləncə və infrastruktur layihələrinə xarici investor marağının artırılması, eləcə də uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır.

EMITT 2026 sərgisində iştirak edən “Smart Hotel Group” şəbəkəsinin rəhbəri Ceyhun Aşurov bildirib ki, hazırda İstanbulda keçirilən sərgi ilə paralel olaraq Hindistanda da beynəlxalq turizm sərgisi start götürüb və hər iki tədbirdə Azərbaycan nümayəndə heyəti həm stendlə, həm də alıcı qismində iştirak edir. Onun sözlərinə görə, ötən il Azərbaycanın turizm statistikasında təxminən 2 faizə yaxın geriləmə, otellərin doluluq səviyyəsində isə 30 faizə yaxın azalma qeydə alınıb ki, bu da son illərin ən aşağı göstəricilərindən biri hesab olunur. Bununla belə, bu vəziyyət daha çox regionda baş verən hadisələrlə əlaqələndirilir. Ceyhun Aşurov hesab edir ki, bu ildən başlayaraq Azərbaycan turizmi yenidən sürətli inkişaf mərhələsinə qədəm qoyacaq. Dünyada turizmin canlanması, ötən il beynəlxalq sərnişin daşımalarında təxminən 7 faizlik artımın qeydə alınması da sektorun yüksəlişindən xəbər verir. Onun fikrincə, Azərbaycan bütün beynəlxalq sərgilərdə və B2B görüşlərdə mütləq brend kimi iştirak etməlidir. Rəqəmsallaşmanın sürətlə artmasına baxmayaraq, canlı görüşlər və birbaşa əlaqələrin qurulması daha təsirli olur və ölkələrarası turizm əlaqələrinin inkişafına mühüm töhfə verir. Müasir marketinq alətləri ilə paralel şəkildə sərgilərdə iştirakın davam etdirilməsi ümumi turizm axınına müsbət təsir göstərir.

OTM Mumbai sərgisində iştirak edən “Explore Baku” şirkətinin rəhbəri Mətanət Abbasalıyeva isə qeyd edib ki, beynəlxalq sərgilər uzun illərdir əməkdaşlıq edilən tərəfdaşlarla münasibətləri yenidən nəzərdən keçirmək, turizm məhsullarını yeniləmək və qarşılıqlı etimadı gücləndirmək baxımından mühüm platformadır. Onun sözlərinə görə, 2026-cı il üçün əsas gözləntilərdən biri Azərbaycanın yeni turizm bazarlarında və yeni istiqamətlərdə daha fəal təmsil olunmasıdır. Bu baxımdan, beynəlxalq turizm sərgiləri əvvəlki illərdə olduğu kimi bu gün də effektiv və strateji əhəmiyyətə malik tanıtım və əməkdaşlıq aləti olaraq qalır.

Beləliklə, mütəxəssislərin ümumi fikrinə görə, beynəlxalq turizm sərgiləri əvvəlki dövrlərlə müqayisədə daha strateji yanaşma tələb etsə də, hələ də turist cəlb etmə, ölkə imicinin gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və uzunmüddətli tərəfdaşlıqların qurulması baxımından turizm sənayesinin ən effektiv platformalarından biri olaraq qalmaqdadır. 2026-cı ildə də Azərbaycan turizmi bu sərgilər vasitəsilə həm yeni bazarlara çıxışı genişləndirməyi, həm də qlobal turizm xəritəsində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

Oxşar xəbərlər