Aİ ölkələri Rusiya vətəndaşlarına “multi viza” verməyi dayandırıb?
Avropa Birliyinin Rusiyadan olan vətəndaşlara çoxgirişli Şengen vizalarının verilməsinin dayandırılması ilə bağlı açıqladığı yeni qaydalar gündəmdə qalmaqdadır. Yeni mexanizmə əsasən, rusiyalıların daha çox tək girişli vizalara yönləndiriləcəyi və müraciət prosesinin uzanacağı bildirilirdi.
Turizmplus.az GazetemRu-ya istinadən xəbər verir ki, Avropanın bir sıra ölkələrinin konsulluqları – xüsusilə Fransa və İtaliya – Avropa Komissiyasının tövsiyəsinə baxmayaraq rusiyalı vətəndaşlara çoxgirişli Şengen vizalarının verilməsini davam etdirir. Bununla belə, vizaların müddəti əvvəlki dövrlərlə müqayisədə daha qısa tətbiq olunur.
Məsələ ilə bağlı Rusiya Turizm Sənayesi Birliyinin (RST) eksperti və VCP Travel şirkətinin rəhbəri Mixail Abasov bildirib ki, Avropa Komissiyasının 19-cu sanksiya paketi çərçivəsində verdiyi bu tövsiyə hüquqi qüvvəyə malik deyil və yalnız təşəbbüs xarakteri daşıyır. Bu səbəbdən hər bir Şengen ölkəsi öz milli maraqlarına uyğun şəkildə qərar qəbul edir.
Abasovun sözlərinə görə, hazırda çoxgirişli vizələrin tam şəkildə dayandırılması ilə bağlı hər hansı rəsmi qərar yoxdur:
“Hazırda belə bir məsələ AB səviyyəsində müzakirə edilmir. 19-cu sanksiya paketi qüvvəyə mindikdən sonra da çoxgirişli vizalar verilməyə davam edir. Ehtimal ki, konsulluqlar tövsiyə açıqlanmadan əvvəl edilmiş müraciətləri emal edir. Yaxın vaxtlarda bu təşəbbüsün real təsirlərini daha dəqiq görəcəyik,” – deyə ekspert vurğulayıb.

