Amsterdamda turist gecələmə sayı 20 milyonu ötüb – SAKİNLƏR MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİ

Oktyabr 7, 2025 15:47 / 64
Amsterdamda turist gecələmə sayı 20 milyonu ötüb – SAKİNLƏR MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİ
A-
A
A+

Niderlandın paytaxtı Amsterdamda yerli sakinlər şəhərdə sürətlə artan kütləvi turizmin (mass turizm) mənfi təsirlərinə qarşı məhkəmə iddiası qaldırıblar. “Amsterdam Has a Choice” adlı vətəndaş təşəbbüsü şəhər rəhbərliyinin turizm siyasətini tənqid edərək, qanunla müəyyən edilmiş illik 20 milyon gecələmə limitinə riayət edilmədiyini bildirir.

cbx-add

Turizmplus.az xəbər verir ki, 2024-cü ildə Amsterdamda turistlərin gecələmə sayı təxminən 22,9 milyon olub. Bu isə şəhərin 2021-ci ildə qəbul etdiyi “Amsterdam Tourism in Balance” qanununda göstərilən maksimum həddi xeyli aşır. Qanuna əsasən, şəhərdə turist gecələmələrinin sayı 20 milyonu keçməməli, 18 milyon həddinə çatdıqda isə əlavə məhdudlaşdırıcı tədbirlər görülməlidir.

Sakinlərin iddiasına görə, turizmin həddindən artıq artması yaşayış məhəllələrində səs-küy, tullantı və kirayə qiymətlərinin bahalaşması kimi problemlərə səbəb olur. Onlar hesab edirlər ki, şəhər rəhbərliyi bu qanunu praktikada tətbiq etmir və yeni hotel tikintiləri, qısamüddətli kirayə (Airbnb) fəaliyyətləri davam edir.

Amsterdam Şəhər Şurası məsələ ilə bağlı bəyan edib ki, kütləvi turizmin qarşısını almaq üçün artıq bir sıra tədbirlər həyata keçirilir. Bunlara turist vergisinin artırılması, yeni hotellərin tikintisinə məhdudiyyətlər, Airbnb tipli kirayələrin məhdudlaşdırılması və kruiz gəmilərinə giriş limitlərinin tətbiqi daxildir.

Ekspertlərin fikrincə, məhkəmənin qərarı Amsterdamın gələcək turizm siyasətinə birbaşa təsir göstərə bilər. Hal-hazırda məhkəmə prosesi davam edir və yekun qərarın bu ilin sonunadək elan ediləcəyi gözlənilir.

Oxşar xəbərlər