Azərbaycan hotellərində yay mövsümünün yekunları: Naxçıvan, Bakı və Qarabağdan baxış

Sentyabr 2, 2025 11:07 / 302
Azərbaycan hotellərində yay mövsümünün yekunları: Naxçıvan, Bakı və Qarabağdan baxış
A-
A
A+

Turizmplus.az Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən hotellərin rəhbərləri ilə yay mövsümünün nəticələri, problemlər və gələcək perspektivlər barədə danışıb. Müsahibələrdən göründüyü kimi, Bakıda beynəlxalq siyasi gərginliklər bazara təsir göstərib, Naxçıvanda turist axını əvvəlki illərlə müqayisədə artıb, Qarabağda isə daxili turizm canlanıb.

cbx-add

Ceyhun Aşurov – “Smart Hotels Group” rəhbəri, “New Baku” Hotelin Baş meneceri:

Ümumi qeyd etmək istərdim ki, bu ilin ilk 7 ayında rəsmi statistikaya görə təxminən 2 faiz azalma qeydə alınıb. Lakin satış portallarındakı vəziyyəti və hotellərdəki doluluq səviyyəsini qiymətləndirsək, xüsusilə yay aylarında ötən illə müqayisədə satışların 40 faizə yaxın azaldığını demək olar. Bunun əsas səbəbləri regiondakı siyasi gərginliklər və müharibələrdir: Rusiya–Ukrayna, Hindistan–Pakistan, iyun ayında isə İran–İsrail qarşıdurmaları, eləcə də hava məkanlarının müəyyən müddət bağlı qalması, Rusiya və Azərbaycan arasında yaranmış gərginlik və digər amillər.

Ümumilikdə yay mövsümü əvvəlki illə müqayisədə daha az dinamika göstərdi. Çin və Şərqi Avropa, eləcə də Türkiyə bazarlarından gözlənilən axın hələ ki, arzu olunan səviyyədə deyil. Görünən odur ki, bu ilin sonuna qədər gəlmə turizmi bazarı hələ tam bərpa olunmayacaq.

Sərhədlər bağlı olsa da, hava məkanımız açıqdır və uçuş istiqamətləri kifayət qədərdir. Lakin ölkəyə uçuşların logistik qiymətləri turistlər üçün daha maraqlı və əlçatan olmalıdır. Beynəlxalq hava limanlarımız daha səmərəli fəaliyyət göstərməlidir.

Rahib İsmixanov – “Naxçıvan Palace” Hotelin Baş meneceri:

Bu mövsüm region hotellərində turist axını əvvəlki illərlə müqayisədə xeyli yüksək oldu. Yay aylarında həm yerli, həm də xarici qonaqların bölgəyə marağı nəzərəçarpacaq dərəcədə artdı.

Naxçıvan Muxtar Respublikasının zəngin tarixi irsi, təmiz təbiəti və sağlamlıq turizmi imkanları turistlər üçün böyük cəlbedicilik yaradır. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması ilə bağlı gözləntilər də turizmə marağı artırır. Gələcəkdə bu dəhliz vasitəsilə Naxçıvana daha rahat və sürətli gediş-gəliş mümkün olacaq və bu, turistlərin bölgəyə axınını, hotellərdə isə doluluğun ilboyu yüksək səviyyədə qalmasını təmin edəcək.

Ümumiyyətlə, bu mövsümü çox uğurlu hesab etmək olar. Son illərdə Cənab Prezidentimiz İlham Əliyevin dəstəyi ilə Naxçıvanın turizm infrastrukturu xeyli inkişaf edib, yeni hotellər və istirahət mərkəzləri istifadəyə verilib, mövcud hotellərdə xidmət keyfiyyəti yüksəlib.

Ən önəmli məqamlardan biri isə Zəngəzur dəhlizinin açılmasıdır. Bu layihə Naxçıvan turizminə tamamilə yeni bir mərhələ qazandıracaq. Dəhliz vasitəsilə bölgəyə daha rahat və sürətli gediş-gəliş təmin olunacaq, nəticədə turistlərin sayı dəfələrlə artacaq, hotellərin doluluğu isə mövsümdən asılı olmayaraq yüksək səviyyədə qalacaq. “Naxçıvan Palace” Hotel olaraq biz də buna tam hazırıq və xidmətlərimizi daim təkmilləşdiririk.

Mənim üçün Naxçıvan turizminin inkişafı təkcə iş deyil, həm də böyük bir məsuliyyətdir. Hər bir turistin rahatlığı və məmnuniyyəti bizim üçün önəmlidir. Zəngəzur dəhlizinin açılması ilə gələcəkdə bölgəmiz daha çox qonağı qəbul edəcək, Naxçıvan turizmi beynəlxalq səviyyəyə çıxacaq.

Xəyyam Rüstəmov – “Elit Inn” Hotelin Baş meneceri (Tərtər):

Rəhbəri olduğum hotel tam olaraq turizm bölgəsi hoteli olmasa da, Qarabağ bölgəsində daxili turizmdə yaranan canlanma bizə də müsbət təsir edib. Keçən ilin müvafiq dövrü ilə apardığımız müqayisələr göstərir ki, bu mövsüm doluluq göstəricilərində ciddi artım var.

Lakin Qarabağ bölgəsində mina təhlükəsi ilə bağlı insanlarda mövcud narahatlıq, bölgənin turizm reklamının düzgün aparılmaması, infrastrukturun hələ tam formalaşmaması, kadr çatışmazlığı səbəbindən turizmə yad insanların bu sahədə fəaliyyət göstərməsi və çox vaxt qeyri-adekvat, astronomik hotel qiymətlərinin olması əsas problemlərdir.

Buna baxmayaraq, fəaliyyət göstərdiyimiz Qarabağ bölgəsində mövsümü ümumilikdə müsbət dəyərləndirirəm. Düzgün planlama və infrastruktur inkişafı ilə Qarabağ gələcəkdə ölkənin ən böyük turizm potensialına malik bölgələrindən biri olacaq.

Oxşar xəbərlər