ATAA üzvləri işgüzar səhər yeməyində bir araya gəlib – FOTOLAR

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası üzv şirkətlər və turizm sənayesinin nümayəndələri üçün işgüzar səhər yeməyi təşkil edib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, tədbirin keçirilməsinin əsas məqsədi yay mövsümünün başlanması ilə əlaqədar olaraq ölkənin turizm bazarının inkişafında aktiv rol oynayan sənaye nümayəndələri ilə Assosiasiya və üzvləri arasında kommunikasiya və tərəfdaşlıq əlaqələrini genişləndirməkdir.
Tədbirdə ATAA üzvləri də daxil olmaqla Dövlət Turizm Agentliyinin, turizm yönümlü təhsil müəssələrinin, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hava yolları şirkətlərinin, eləcə də hotel sənayesinin və turoperatorların 200-dən artıq nümayəndəsi və rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın son dövrlərdə həyata keçirdiyi təşəbbüslər, əldə edilən nailiyyətlər və qarşıda duran əsas prioritetlər, həmçinin 2025-ci il üzrə fəaliyyət istiqamətləri, planlaşdırılan tədbirlər haqqında ətraflı məlumat verib. Göydəniz Qəhrəmanov Assosiasiyanın fəaliyyətinin əsas məqsədinin üzv şirkətlərin maraqlarının vahid platformada qorunması, sektorun dayanıqlı inkişafına dəstək verilməsi və qlobal turizm bazarlarında Azərbaycanın mövqeyinin gücləndirilməsi olduğunu diqqətə çatdırıb. ATAA sədri sənaye nümayəndələri arasında bu formatlı görüşlərin keçirilməsinin həm qarşlıqlı əməkdaşlığın, həm də sektorun inkişafına dəstək verdiyini qeyd edib.
Göydəniz Qəhrəmanov çıxışı zamanı ölkə turizminin tərəqqisini daim diqqətdə saxladığına görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Həmçinin turizmin inkişafında müstəsna rol oynayan və ATAA-nın fəaliyyətinə dəstək olan Dövlət Turizm Agentliyinə, o cümlədən sənaye nümayəndələrinə öz təşəkkürünü bildirib.
Tədbir çərçivəsində qonaqlar tərəfindən çıxışlar edilib, Assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulanıb.
Sonda Assosiasiyanın fəaliyyətində öz xidmətləri ilə seçilən bir sıra şəxslərə ATAA sədri tərəfindən təşəkkürnamələr təqdim edilib.
Təşkilati dəstəyə görə Travelport şirkətinə öz təşəkkürümüzü bildiririk.








