USD 1.7
7 °C

Val di Susa mirvarisi Bardonecchia – ORXAN BƏDƏLOV YAZIR

Fevral 5, 2025 14:08 / 105
Val di Susa mirvarisi Bardonecchia – ORXAN BƏDƏLOV YAZIR
A-
A
A+

İtaliyanın zəngin mədəniyyəti, qonaqpərvər, eyni zamanda çılğınlığı ilə seçilən xalqı, dadlı təamları və yerli şərab növləri ilə özünə cəlb edən, Avropa ölkələri arasında özünəməxsusluğu ilə seçilən nadir ölkələrdən biri olduğunu desək yanılmarıq. Bu ölkəni əcnəbi turistlərə özünü sevdirən daha bir özəlliyi də xüsusilə qış aylarında məşhur olan dağ kurortlarıdır. Qalın qar təbəqəsi ilə örtülmüş İtaliya Alpları dünyanın hər yerindən buraya axın edən xizək həvəskarları üçün sanki bir cənnətdir.

cbx-add

İtaliyada altı əsas xizək bölgəsi mövcuddur: “Dolomit Alpları”, “Dolomiti di Brenta”, “Alta Valtellina”, “Val d’Aosta”, “Trento” və “Val di Susa”. Bu bölgələrin xizək kurortları beynəlxalq standartlara cavab verən yamacları, inkişaf etmiş infrastrukturu və özünəməxsusluğu ilə seçilir. Bu məqaləmizdə sizə “Val di Susa” bölgəsi haqqında bəhs edəcəyik.

Hündürlük fərqləri 1300-2800 m arasında dəyişən Qərbi İtaliyanın bu xizək bölgəsində yamacların çoxu qırmızı olsa da xizək sürmək üçün ilkin və orta səviyyəli olanları da mövcuddur. Bölgənin əsas kurortları “Sestriere”, “Sauze d’Oulx”, Limone Piemonte” və “Bardonecchia”dır.  Bunlar arasında “Bardonecchia” bir sıra özəllikləri ilə seçilən dağ kurortudur.

“Bardonecchia” İtaliyanın ilk paytaxtı olan Turin şəhərindən 90 km, Milan şəhərindən isə 226 km məsafədə yerləşir. Azərbaycandan Turin şəhərinə birbaşa uçuşlar olmasa da İstanbul Hava Limanından tranzit reyslərlə səfəri təşkil etmək və ya Azərbaycan Hava Yolları vasitəsilə Bakı-Milan istiqamətinə (5 saat.15 dəqiqə ) birbaşa uçuş edərək vaxta qənaət etmək mümkündür. Milandan Bardonecchia olan məsafə  qatar və avtomobillə  2 saat 20 dəq, avtobusla isə  4 saat təşkil edir.

İtaliyanın Piemont bölgəsində, Qərbi Alp dağlarında yerləşən “Bardonecchia” həm italyanlar, həm də əcnəbi turistlər arasında ildən-ilə xüsusi diqqət cəlb edən, İtaliya xəritəsinin kiçik, lakin heyrətamiz dərəcədə gözəl, möhtəşəm qarlı dağları ilə əhatə olunan, regionun ən perspektivli turistik istiqaməti sayılır. Bu dağ kurortu həmçinin Fransa sərhədinə ən yaxın olan şəhərcik olması ilə da seçilir.  İtalyanlar arasında  “Bardonecchia” “Val de Sousa mirvarisi” kimi  də tanınır

“Bardonecchia”da xizək mövsümü dekabrın sonlarından martın əvvəllərinə qədər davam edir. Kurortun ən yüksək nöqtəsi 2750 m, aşağı stansiyası isə 1312 m hündürlükdə yerləşir. Ümumi yamac uzunluğu 140 km təşkil edir. Yamacların 21%-i yeni başlayanlar üçün, 67%-i orta, 12%-i isə çətin dərəcəlidir. Ən uzun yamac 11 km təşkil edir.

Kurortda müxtəlif ulduz kateqoriyasına malik hotellər, “chalet” tipli evlər, apartamentlər, restoranlar və barlar turistlərə xidmət göstərir. Kurort ərazisindəki qonaqlama obyektlərinin qiyməti kurorta yaxınlığına, yerləşmə yerinə və ulduz kateqoriyasına görə dəyişir. Hotellərin başlanğıc qiyməti orta statistik rəqəmlərə əsasən 120 avrodan başlayır.

Bardonecchianın xizək sahələri və keçid qiymətləri

Kurortun ərazisində üç xizək sahəsi mövcuddur: Campo Smith (Colomion), Melezet və Jafferau. Jafferau peşəkar və orta səviyyəli xizəkçilər üçün, Campo Smith və Melezet isə müxtəlif səviyyəli xizəkçilər üçün nəzərdə tutulub. Xizək keçidlərinin qiymətləri günlük, həftəlik və aylıq olaraq təklif olunur. İş günləri və həftə sonları 1 günlük skipassların qiyməti 37 avro, həftəlik isə 182 avro çıvarında dəyişir.

“Bardonecchia” həmçinin yerli və beynəlxalq idman yarışların keçirildiyi məkan olaraq da tanınır. Belə turnirlərdən biri də Azərbaycanın Xizəkçi Jurnalistlər Klubunun da  xüsusi dəvət əsasında qatıldığı Beynəlxalq Jurnalistlərin Xizək Klubununn (SKİJ) “Bardonecchia”da baş tutan 70-ci iclası çərçivəsində  təşkil olunub. 32 ölkədən  olan 150-ə yaxın media nümayəndəsi turnirdə 2 gün ərzində “cross-country” və “giant slalom” disiplinində birincilik uğrunda mübarizə aparıblar. Yarışın ilk pilləsində medal sayına görə Qazaxıstan jurnalistləri, ikinci və üçüncü yerlərə isə İtaliya və Çexiya Respublikalarından olan media nümayəndələri sahib olublar.

Turnir çərçivəsində Beynəlxalq Jurnalistlərin Xizək Klubunun Baş Assambleyası da keçirilib.Toplantıda jurnalistlər arasında növbəti görüşün Andorra Knyazlığında təşkilinə qərar verilib. İtaliyada baş tutan görüş zamanı həmçinin Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu tərəfindən 2027-ci il üçün Beynəlxalq Jurnalistlərin Xizək Klubunun 72-ci görüşünün Azərbaycanda – “Şahdağ” Turizm Mərkəzində keçirilməsi təklifi də irəli sürülüb. Azərbaycanın  turizm potensialının  və xüsusi ilə qış turizminin bu cür mötəbər təşkilatlarda tanıdılması ölkə turizminin təbliği baxımından  mühüm platforma sayılır.

Azərbaycanla İtaliya arasında turist mübadiləsi

Azərbaycana səfər edən əcnəbi dövlətlərin vətəndaşları sırasında İtaliya ölkənin turizm bazarı üçün əhəmiyyətli istiqamət sayılır. Eyni zamanda İtaliyanın böyük turizm şəhərləri də Azərbaycan vətəndaşlarının üz tutduğu  əsas turizm destinasiyalarından biridir. Statistik məlumatlara nəzər yetirsək, 2024-cü ildə  İtaliyadan Azərbaycana səfər edən əcnəbi turistlərin sayı 13.582 nəfər, İtaliyaya səfər edən Azərbaycan vətəndaşlarının  sayı isə 22.536 nəfər təşkil edib. Azərbaycanlı turistlərin  üz tutduğu şəhərlər arasında Roma, Venesiya və Milan ən çox səfər edilən istiqamətlərdən sayılır. Qış kurortlarına səfər ilə bağlı göstəricilər isə  hələ ki, ürək açan deyil.

Səfər çərçivəsində müşahidələrimə əsasən qeyd edə bilərəm ki,  “Bardonecchia” sadəcə bir tətil yeri deyil, həm də təbii gözəllikləri, tarixi və mədəni irsi ilə diqqəti cəlb edən bir bölgədir. Əgər ilin bütün fəsillərində təbiətin harmoniyasından həzz ala, mədəniyyət və tarixi ənənələrə qərq ola biləcəyiniz bir yer axtarırsınızsa,”Bardonecchia” növbəti səfəriniz üçün ideal seçim olacaq.

MÜƏLLİF: ORXAN BƏDƏLOV

Oxşar xəbərlər