Türkiyənin turizm şirkətləri Batumiyə turları ləğv etməyə başlayıb

Noyabr 27, 2026 13:25 / 9
Türkiyənin turizm şirkətləri Batumiyə turları ləğv etməyə başlayıb
A-
A
A+

Gürcüstanın Batumi şəhərində Türkiyənin “Beşiktaş” klubunun azarkeşlərinə qarşı polis müdaxiləsi iki ölkə arasındakı turizm əlaqələrinə də təsir göstərməyə başlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, Türkiyənin bir sıra turizm şirkətləri baş verən hadisələrə etiraz olaraq Batumiyə əvvəlcədən planlaşdırılan turlarını ləğv etmək qərarına gəliblər.

Trabzonda fəaliyyət göstərən “Gezi Trabzon Turizm” şirkəti Türkiyə vətəndaşlarına qarşı zorakılıq hallarını əsas gətirərək Batumi istiqamətində bütün turlarını növbəti açıqlamaya qədər dayandırdığını elan edib. Şirkət turistlərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

Zonquldakda fəaliyyət göstərən “Köroğlu Turizm” şirkəti də analoji qərar qəbul edərək planlaşdırılan Batumi turunu ləğv edib.

Türkiyə mediasının məlumatına görə, xüsusilə Şərqi Qara dəniz və Şərqi Anadolu bölgələrində fəaliyyət göstərən digər turizm şirkətləri də Gürcüstan istiqamətində səyahət proqramlarını dayandırmağa başlayıblar.

Bununla belə, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) bölgə üzrə nümayəndəsi Mehmet Ali Tuna bildirib ki, turizm şirkətlərinin səfərləri dayandırması ilə bağlı quruma hələlik rəsmi müraciət daxil olmayıb. O, baş verən hadisələrin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərməməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, noyabrın 26-da Batumidə UEFA Avropa Liqası çərçivəsində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən qarşılaşma zamanı Gürcüstan polisinin türkiyəli azarkeşlərə müdaxiləsi Türkiyədə ciddi etirazlara səbəb olub. “Beşiktaş” klubu polis əməkdaşlarını qeyri-mütənasib güc tətbiq etməkdə ittiham edib. Gürcüstanın Daxili İşlər Nazirliyi isə müdaxiləni ictimai asayişin pozulması ilə əsaslandırıb.

Türkiyəli turistlərin ən çox üz tutduqları Gürcüstan şəhərlərindən biri olan Batumiyə turların ləğvinin geniş miqyas alacağı təqdirdə bölgənin turizm sektoruna mənfi təsir göstərə biləcəyi istisna edilmir.

Oxşar xəbərlər