“10 ildə bir dəfə də öhdəliyi yerinə yetirmədiyimiz hal olmayıb” – Sofo Tskitişvili

May 13, 2026 10:45 / 208
“10 ildə bir dəfə də öhdəliyi yerinə yetirmədiyimiz hal olmayıb” – Sofo Tskitişvili
A-
A
A+

Cənubi Qafqaz regionunda turizm əməkdaşlığının inkişafı baxımından “Vector Travel DMC” artıq özünü etibarlı və peşəkar tərəfdaş kimi təsdiqləyib. Şirkətin artıq dördüncü ildir təşkil etdiyi Georgian B2B Travel Workshop tədbiri Azərbaycan və Gürcüstan turizm bazarları arasında əlaqələrin gücləndirilməsində mühüm platformaya çevrilib.

cbx-add

Turizmplus.az saytının “Vector Travel DMC” şirkətinin İcraçı direktoru Sofo Tskitişvili ilə geniş müsahibəsində şirkətin yanaşması, bazar strategiyası, qiymət siyasəti və gələcək planları ilə bağlı vacib məqamlara toxunulur. Eyni zamanda regionda turizm axınının artırılması, Bakı şəhərinin xarici qonaqlarda yaratdığı təəssüratlar və yeni layihələr barədə maraqlı fikirlər səsləndirilir.

– Artıq dördüncü ildir Georgian B2B Travel Workshop təşkil edirsiniz. Agentliklər niyə məhz sizi seçir?

– Workshop-un davamlı keçirilməsi bazarla qurduğumuz etimadın nəticəsidir. Azərbaycan bizim ilk və əsas bazarlarımızdan biridir və illərdir bu bazarı dərindən öyrənmişik.

Fərqli seqmentlərlə — büdcədən VIP səviyyəyə qədər — işləyirik və dövlət səviyyəli səfərlərin təşkili təcrübəmiz də var. Azərbaycan dilində danışan komandamız operativliyi artırır.

Ən vacibi isə reputasiyadır: 10 ildən artıq fəaliyyətimizdə öhdəlikləri yerinə yetirməmək kimi hal olmayıb. Bu da tərəfdaşların bizə güvənini formalaşdırır.

– Bəzi tərəfdaşlar qeyd edirlər ki, Vector Travel DMC ilə qiymətlər bəzən daha yüksək görünür. Bu fikir haradan yaranır və siz buna necə münasibət bildirirsiniz?

– Çox vaxt müqayisə düzgün aparılmır — yalnız qiymətə baxılır, xidmətin məzmunu nəzərə alınmır.

Biz yalnız otel və transfer deyil, tam operativ sistem təqdim edirik: 24/7 dəstək, real vaxt koordinasiya və etibarlı tərəfdaş şəbəkəsi.

Bəzi şirkətlər süni şəkildə aşağı qiymət təqdim edir, lakin bu, sonradan problemlərə səbəb ola bilər. Bizim məqsədimiz ucuzluq deyil, sabit və etibarlı xidmət təqdim etməkdir.

– Gürcüstandan gələn iştirakçıların Bakı barədə təəssüratları necə olur?

– Biz yalnız tədbir deyil, ölkəni təqdim edirik. Qonaqlar üçün şəhər turu və milli restoran proqramı təşkil olunur.

Rəylər çox müsbətdir — Bakı müasirliyi və ənənəni birləşdirən şəhər kimi onları təəccübləndirir.

Bu səfərlər çox vaxt sonradan şəxsi səfərlərə çevrilir. Sosial şəbəkələrdə paylaşımlar isə Azərbaycanın tanıtımına əlavə töhfə verir.

– Azərbaycan–Gürcüstan turizm axınının artmasına nə mane olur?

– Əsas məsələ nəqliyyat imkanlarıdır. Hazırda yük əsasən aviasiyanın – üzərindədir və biletlər hər kəs üçün əlçatan olmur.

Alternativ olaraq dəmir yolu və avtomobil səyahətləri turizmi daha əlçatan edə bilər. Biz artıq qatar əsaslı paketlər üzərində işləyirik və uyğun şərait yaranan kimi bunu bazara təqdim etməyə hazırıq

– Workshop iştirakçıları necə seçilir?

– İştirakçı sayı məhduddur (təxminən 150 nəfər), ona görə seçim diqqətlə aparılır.

Əsas üstünlük aktiv işləyən və real satış edən tərəfdaşlara verilir. Ümumilikdə 300-dən çox agentliklə işləsək də, workshop üçün ən aktivləri seçirik.

Yeni agentliklər üçün də qapılar açıqdır — əməkdaşlığa başlayanlar növbəti illərdə iştirak edə bilirlər.

– Gələcək planlarınız nələrdir?

– Turizmdə uzunmüddətli planlar çətin olsa da, əsas istiqamətlərimiz aydındır. Azərbaycan bazarı bizim üçün prioritet olaraq qalır.

Yaxın planlarımızdan biri Fiestalonia Milenio Festivalını Azərbaycanda təşkil etməkdir. Bu layihə ölkəyə beynəlxalq iştirakçıların cəlb olunmasına töhfə verəcək.

Eyni zamanda növbəti Georgian B2B Workshop-u daha geniş formatda keçirməyi planlaşdırırıq.

Turizm bizim üçün sadəcə biznes deyil — bu, insanları və ölkələri birləşdirən bir körpüdür.

Oxşar xəbərlər