Yeni istiqamət, az tələb: YERLİ TURİSTLƏR KRİTİ NİYƏ SEÇMİR?

Artıq xəbər verdiyimiz kimi, Bakıdan Yunanıstanın Krit adasına uçuşlar başlayır. Bakı-İraklion-Bakı çarter reysləri 7 iyun – 6 sentyabr tarixlərində həftədə bir dəfə həyata keçiriləcək.

Krit adaları, tarixi, təbiəti, gözəl çimərlikləri və zəngin mədəniyyəti ilə Azərbaycan turistləri üçün yeni, cəlbedici istiqamət kimi diqqət çəkir. Əvvəllər yalnız Afina vasitəsilə getmək mümkün olan bu istiqamətə birbaşa reyslərin açılması səyahət müddətini xeyli qısaldacaq və səfəri rahatlaşdıracaq.
Turizmplus.az saytının əldə etdiyi məlumata görə, bu istiqamət insanlara cəlbedici və maraqlı gəlsə də, turların satışında gözlənilən aktivlik müşahidə edilmir. Turizm ekspertləri bildirirlər ki, Krit istiqamətinin daha çox tanıdılması üçün reklam və PR fəaliyyətlərinin artırılması vacibdir. Xüsusilə, vizanın asanlaşdırılması ilə yanaşı, intensiv marketinq kampaniyaları ilə turistlərin diqqətinin bu istiqamətə cəlb edilməsi zəruridir.
Viza tələbi turist axınını məhdudlaşdıra bilər
Azərbaycandan Yunanıstana səfər üçün vizanın alınması əlavə prosedur və xərclər tələb edir ki, bu da bəzi turistlərin bu istiqamətə səfər etməsinə əngəl yaradır. Vizanın mürəkkəbliyi və vaxt aparması səbəbilə turistlər daha sadə prosedurlu ölkələrə üstünlük verirlər. Bundan əlavə görüş günləri üçün yerlərin götürülməsində yaranan çətinliklər də bu proseslərə təsirsiz ötüşmür.
İstiqamətin az reklam olunması
Əlavə olaraq, Krit istiqamətinin Azərbaycanda kifayət qədər tanıdılmaması da müşahidə olunur. Turizm agentliklərinin marketinq fəaliyyətləri əsasən digər Avropa və Türkiyə istiqamətlərinə yönəlib. Reklam kampaniyalarının azlığı və mediada bu istiqamətin yetərincə işıqlandırılmaması turistlər arasında marağın zəif olmasına səbəb olur.t