Sektorun növbəti bəlası: DEMPİNQ – TURİZMÇİLƏR DANIŞIR
Bir çox turizmçilər sektorda dempinq problemindən şikayətlənir. Bəzən şirkətlər turları tur-operatorun təqdim etdiyi, hətta dəyərindən daha aşağı qiymətə satışa çıxarırlar.
Turizmplus.az sektorun başağrısına çevrilmiş problem – dempinq ilə bağlı turizm şirkətlərinin rəhbərlərinin fikirlərini öyrənib.
“Dempinq edən şirkətlər qısa zaman kəsiyində heç bir əziyyət çəkmədən tur satışı etmək niyyətindədirlər”.
Bu sözləri saytımıza “Turizm.az” şirkətinin rəhbəri Nəsimi Kərəmov deyib.
“Vergi öhdəliyi və digər ofis xərcləri olmayan şirkətlərin bazarda yol tutması, bəzi turizm şirkətlərinin sub-agentlərinə operatorların verdiyi % komisyon qədər komissiya verməsi və burada həmin subagentlərin 90%-si heç bir məsuliyyəti, vergi öhdəliyi olmadan, qeyri-rəsmi satışları çox rahat şəkildə etmələri dempinqə gətirib çıxaran əsas amillərdir.
Dempinq edən şirkətlərin idarəçiləri əziyyətlərinə və kadrlarına dəyər vermirlər.
Bu problemi aradan qaldırmaq üçün şirkətlər arasında söz birliyi yaratmaq lazımdır. Bundan əlavə, müvafiq dövlət orqanı tərəfindən xüsusi yoxlamalar – həmin dempinq edən şirkətlərin rəsmi ya qeyri-rəsmi satış etmələri, işçilərin rəsmi olub olmamalarını aşkara çıxarmaqla, həmin o subagentlərə imkan yaradan şirkətləri qanun çərçivəsində cəzalandırmağa ehtiyac var. Əlavə edim ki, ATAA tərəfindən ediləcək müvafiq, təxirə salınmaz tədbir və tövsiyyələrə də ehtiyac duyulur”, – deyə Nəsimi Kərəmov bildirib.
“A Lines” şirkətinin direktoru Aidə Əliyeva qeyd edib ki, dempinq edən şirkətlərlə eyni sahədə çalışmaq qeyri-sağlam rəqabət mühitində çalışmaq deməkdir.
“2015 ci ildə Cənab Prezidentin sərəncamına əsasən sahibkarlara dəstək məqsədi ilə lisenziyaların ləğv olunması qərara alındı. Bundan öncə turizm fəaliyyəti göstərmək üçün mütləq şəkildə lisenziya tələb olunurdu. Lisenziyanın alınması üçün isə rəsmi ofis ( mənzil yox), işçi sayı, rəsmi qeydiyyat və s. kimi tələblər var idi. Bu tələblər olduğunda əlbəttə ki, şirkətlərdə xərclər və vergi ödənişləri yaranırdı. Bütün bu xərcləri nəzərə alaraq şirkətlər qiymətləri süni şəkildə sala bilməzdilər. Əks halda müflis olardılar. 2015-ə qədər müflis olan şirkətlərin sayı çox az idi.
Sahə cəlbedici sahə olduğu üçün bir çox insan turizm şirkəti açmaq arzusundadır. Amma turizm şirkətlərinin sayının artırılması – təəsüf ki, peşəkarların sayının artırılması deyil. Beləliklə turizm bazarında qeyri-peşəkarların sayı çox artıb ki, bu da dempinq faktlarının artmasına gətirib çıxarır. Bu gün bəzi qeyri-peşəkar “turizmçilər” turları tur-operatorların təqdim etdiyi qiymətdən bəzən daha ucuz qiymətlərlə satışa çıxarır.
Bu kimi halların qarşısını almaq üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası müxtəlif maarifləndirici görüşlər keçirir, şirkətlərlə profilaktik söhbətlər aparır”, – deyə Aidə Əliyeva qeyd edib.
Turizm sektorunun ən çox oxunan xəbər saytında reklamınız olsun !
“Victory Travel” şirkətinin rəhbəri Vüsal Hacıyevin sözlərinə görə, dempinqi yaradan əsas amillərdən biri şirkətlərin müştəri qazanmaq istəyidir.
“Bu bir növü strategiya hesab olunsa da heç də uzunmüddətli deyil. Ona görə ki, belə qazancla şirkəti ayaqda çox saxlamaq olmaz. Onu da qeyd edim ki, qiymətlərin daha ucuz olmasına görə şirkət seçən müştərilər də loyal müştərilər deyil.
Öz əməyinə və vaxtına hörmət edən şirkətlər bu cür strategiya ilə işləmirlər. Uzunmüddətli işləmək istəyən şirkətlər daha loyal müştərilər seçməli və öz əməklərinə daha çox hörmət etməlidirlər.
Bu məsələni kökündən həll etmək kifayət qədər çətindir. Tur-operatorlar bu tipli şirkətləri müəyyən edib müqaviləyə xitam verə bilər. Sadecə bu proseslərlə məşğul olmaq üçün tur-operatorlara əlavə işçi qüvvəsi lazım olur. Onların əsas məqsədi tur satışlarının yüksək səviyyədə həyata keçirilməsidir. Necə satıldığı isə bəzi hallarda tur-operatorları maraqlandırmır.
Problem Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən və ya şirkətlərin özləri tərəfindən monitorinq olunub tur-operatorlara bildirilərsə bəlkə gələcəkdə qarşısını almaq olar”, – deyə Vüsal Hacıyev bildirib.
“Sülh Travel” şirkətinin rəhbəri Elnur Həsənov saytımıza açıqlamasında qeyd edib ki, dempinq heç zaman nə sektora, nə də şirkətlərə uğur gətirməyib.
“Hər il iflasa uğrayan tur-operatorlar və şirkətlərin şahidi oluruq. Bunlar hamısı dempinqin nəticələridir. Əgər dempinqlə məşğul olan şirkətlər hesablamalarını düzgün idarə edə bilsələr anlayarlar ki, bu onlara da ziyandır.
Dempinq problemi olub və fikrimcə, hər zaman davam edəcək. Onu da bildirim ki, bəzən şirkətlərin sahibləri digər öz şəxsi maraqları üçün bu vasitədən istifadə edir. Bu halda peşəkar şirkətlər əziyyət çəkirlər”, – deyə Elnur Həsənov bildirib.
MÜƏLLİF: RƏHİM QƏDİROV