Sahibkarlara xoş xəbər: Qanuna bu dəyişiklik ikinci oxunuşda da qəbul edildi
Milli Məclis vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri ikinci oxunuşda qəbul edib.
Turizmplus.az xəbər verir ki, Vergi Məcəlləsinin 2.8-ci maddəsindən irəli gələrək növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 dəyişiklikdən ibarətdir.
Bu dəyişikliklər Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların bu sahədə dayanıqlığın, inkişafın və rəqabət qabiliyyətinin yüksəldilməsinin təmin edilməsinə, yerli və xarici investisiyaların təşviqinə xidmət edir.
Əhəmiyyətli dəyişikliklərdən biri sahibkarlar üçün ƏDV qeydiyyatı ilə bağlıdır. Hazırkı qanunvericiliyə görə, 12 ay ərzində dövriyyəsi 200 min manatı aşan vergi ödəyiciləri məcburi ƏDV qeydiyyatına düşürdü. Təklif olunan layihəyə əsasən, bu həddin 400 min manatadək artırılması nəzərdə tutulur və bu dəyişiklik ikinci oxunuşda qəbul edilib. Yeni limit xüsusilə nağdsız ödənişlərin stimullaşdırılmasına xidmət edəcək.

