Fironların və misir tanrılarının daş heykəlləri, qədim Misir inanclarının mistik elementlərini özündə əks etdirən sarkofaqlar və bir zamanlar dövrünün tanınmış simalarının mumiyalanmış cansız bədənləri. Bu artefaktların qarşısında duran zaman istər-istəməz o dövrə xəyalən səyahət etmiş olursan. Misirin tarixi, onun mədəniyyəti, memarlığı, Nil çayı ətrafında yaşayan insanların həyat tərzi və xüsusi ilə Misirin mistik ruhu hələ uşaq vaxtlarımdan məni özünə cəlb edib. Bir gün bu qədim sivilizasiyaya aid minlərlə eksponatı Misirin tanınmış muzeylərində deyil İtaliyanın tarixi şəhəri Turində yerləşən, möhtəşəmliyi ilə göz oxşayan Misir Muzeyində görəcəyimi təsəvvür belə etmirdim. Elə ilk andan mistik auranın təsiri altına düşmüşdüm.

Bu muzey Misir mədəniyyətinə həsr olunmuş dünyanın sayca ikinci ən böyük sərgi evidir. 1824-cü ildə Savoilər sülaləsindən olan kral I Karl Feliks tərəfindən qurulan bu muzey, təkcə İtaliya deyil, bütün dünya üçün əvəzsiz tarixi irsi özündə daşıyan bir məkandır. Hazırda Muzeydə 40.000-ə yaxın nadir eksponat kolleksiyası qorunur. Onlardan muzey otaqlarında 3300, maddi mədəniyyət qalereyalarında isə 12000-ə yaxın obyekt nümayiş etdirilir. Digərləri isə tədqiqat obyekti olduğu üçün anbarlarda saxlanılır.
Muzey üç mərtəbədən ibarətdir: birinci mərtəbədə möhtəşəm sarkofaqlar və mumiyalar, ikinci mərtəbədə böyük heykəllər, zirzəmi ekspozisiyasında isə digər unikal tarixi eksponatlar yer alır. Muzeyin dəyərli eksponatları sırasında bir neçə abidə və eksponat xüsusi diqqət cəlb edir. Onlardan biri III Tutmos tərəfindən inşa edilən Ellesiya Məbədidir ki, Asuan su bəndinin tikintisi zamanı italiyalı arxeoloqlar tərəfindən su altında qalmaqdan xilas edildiyinə görə 1965-ci ildə Misir dövləti tərəfindən İtaliyaya hədiyyə olunub. Digər bir nümunə isə İsid, Sehmet və II Ramzesin heykəlləridir. Qranit, mərmər və taxtadan hazırlanmış bu heykəllər qədim Misir sənətkarlığının möhtəşəm nümunələrindən hesab olunur.
Muzey Qədim Misir tarixinin öyrənilməsinə və elmi araşdırmaların aparılmasını həyata keçirir
Misir Muzeyi təkcə sərgi məkanı deyil, həm də qədim Misir mədəniyyətinin araşdırıldığı mühüm elmi-tədqiqat mərkəzi sayılır. Burada arxeologiya, tarix, incəsənət və mədəniyyət sahələri üzrə araşdırmalar aparılır. Alimlər qədim mətnlərin öyrənilməsi, heroqliflərin deşifrə olunması və arxeoloji tapıntıların təhlili ilə məşğul olurlar. Muzey həmçinin məktəblilər, tələbələr və geniş auditoriya üçün müxtəlif maarifləndirici proqramlar təşkil edir ki, bu da qədim Misirə olan marağı daha da artırır.
Turindəki Misir Muzeyinin kolleksiyasının əsas mövzularından biri də qədim Misirdə məşhur olan “ölülər kultu” adlanır. Misirlilərin öldükdən sonra o biri dünya ilə əlaqələrin qurulması ilə bağlı fərqli fikirləri və baxışları mövcud olub. Mistik allahlar və ölülərin kitabı onların həyatında əhəmiyyətli yer tutub. Məhz bu baxımdan muzey bu istiqamətə də xüsusi diqqət ayırıb.
Muzeydə müasir texnalogiyalardan istifadə edilərək qədim dövrlərdə misirlilərin mümiyalanma prosesinin qrafik təsviri də ziyarətçilərə nümayiş olunur.
Misir tarixinə Avropada səyahət etmək və qədim sivilizasiyanın sirrləri ilə yaxından tanış olmaq istəyirsinizsə, əmin olun ki, Turindəki Misir Muzeyi sizin böyük marağınıza səbəb olacaq.
MÜƏLLİF: ORXAN BƏDƏLOV