Prezident İlham Əliyev Azərbaycan və Çin arasında turizm münasibətlərindən danışıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.

Turizmplus.az xəbər verir ki, müsahibə əsnasında Ölkə başçısı Müxbir Lyu Sinin iki ölkə arasında turizmin inkişafına dair sullarını da cavablandırıb.
Bilirsiniz, Qədim İpək Yolu, məsələn, mən onun haqqında danışa bilərəm. Ya da biz xalqlararası mübadilələr, turizm haqqında danışa bilərik. Bilirəm ki, ölkəniz artıq bir ildir ki, birtərəfli olaraq çinli turistləri viza almaq tələbindən azad edib. İndi isə bu səfərdə bizimlə ən son xəbərləri paylaşmaq istərdinizmi?
– Bəli, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi.
– Azərbaycan ilk dəfədir ki, xarici ölkəyə qarşı belə bir təşəbbüslə çıxış edir?
– İlk dəfədir ki, birtərəfli qaydada.
– Deməli, Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir.
– Bəli, bu, doğrudur. Bəli, elədir ki, var. Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var – Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər.
– Bəs, əksinə necə? Azərbaycanlılar və ya Azərbaycan vasitəsilə səyahət edən digər insanlar üçün Çinə gəlib, hər şeyi öz gözləri ilə görmək, təhsil almaq, işləmək nə dərəcədə vacibdir? Əslində, mən Çinə “Bir kəmər, bir yol” vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur. Əks tərəfdə vəziyyət necədir?
– Sözsüz ki, biz daha çox azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istəyirik. Bu gün biz, həmçinin təhsil sahəsində əməkdaşlığımızı müzakirə etdik. Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var.