Paytaxtda incəsənət, mədəniyyət və ekologiyanın birləşdiyi Festival – Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy

Oktyabr 30, 2025 12:13 / 510
Paytaxtda incəsənət, mədəniyyət və ekologiyanın birləşdiyi Festival – Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy
A-
A
A+

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənətin, mədəniyyətin və ekologiyanın birləşdiyi unikal festivalın — “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) tədbirinin ev sahibi olacaq. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu günlərdə paytaxtın müxtəlif qalereyalarında 10-dan çox sərgi açılacaq və onlar festivalın əsas hissəsini təşkil edəcək.

ÖDƏNİŞSİZ BİLET ALMAQ ÜÇÜN KLİKLƏYİN

“Mənim dənizlərim, Mənim okeanlarım” – ekoloji mövzulu sərgi

Festival çərçivəsində oktyabrın 31-də Heydər Əliyev Mərkəzində BMT və IDEA-nın birgə təqdimatında Fernando Botero və azərbaycanlı rəssamların əsərlərindən ibarət ekoloji məsuliyyət və davamlılıq mövzusuna həsr olunmuş “Mənim dənizlərim, Mənim okeanlarım” sərgisi açılacaq.

İçərişəhərdə 6 fərqli sərgi

İçərişəhər festivalın əsas mərkəzlərindən biri olacaq.

  • “Axar yaddaş” – Yeraltı Hamamda keçiriləcək sərgi su, yaddaş və təmizlik anlayışlarını çağdaş sənət vasitəsilə araşdırır.

  • “Şeh. Heç vaxt olmayan səhər” – rəssam Vüsalə Ağarəziyevanın Şirvanşahlar Sarayında təqdim etdiyi kontemplativ sənət işi.

  • “Əcdadlar” – Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulovun kollektiv sərgisi QGallery Baku-da.

  • “Fıstıq ağacı: Yaddaşın kökləri” – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində monodrama və incəsənətin birləşdiyi layihə.

  • “Bakıya uçuş: Axın halı” – Bakı Fotoqrafiya Evində ictimai fəvvarələrdən ilhamlanan instalyasiyalar.

  • “Od, su və öpüşlər” – Ramina Səadətxanın “Nine Senses Art Center”də yeni əsərlər silsiləsi.

Digər məkanlarda təqdim olunan layihələr

  • “Bir zamanlar Xəzər” – Zəhra Məmmədovanın kurasiyasında YARAT Müasir İncəsənət Mərkəzində; su və insan münasibətinə bədii baxış.

  • “Tofiq Cavadovun 100 illiyi” – Azərbaycan Milli İncəsənət Muzeyində ustad rəssamın yubiley sərgisi.

  • “Baku Steel Art” – Dənizkənarı Milli Parkda beynəlxalq metal simpozium iştirakçılarının işləri.

  • Elvin Nəbizadənin “Sonuncu dalğa” – Daş Salnamə Muzeyində kinetik instalyasiya.

Ustad dərsləri və açıq qapı günləri

Festival çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında noyabrın 1-2-də Cüzeppe Kartanın ustad dərsləri keçiriləcək. Eyni zamanda, akademiyada açıq qapı günü elan olunub.

“ABOVE” layihəsi – sənətin pərdəarxasına baxış

Əsmər Babayevanın rəhbərliyi ilə “ABOVE” layihəsi ziyarətçiləri qalereya divarlarının o üzünə apararaq, müasir heykəltaraş və rəssamların studiyalarına daxil olmağa imkan yaradacaq. Qonaqlar ideyaların formalaşdığı məkanları kəşf edəcək və sənət prosesini canlı izləyəcəklər.

Bu festival Bakını bir neçə günlüyə canlı incəsənət mərkəzinə çevirərək, şəhərin mədəni ruhuna yeni nəfəs gətirəcək.

Tarixlər: 31 oktyabr – 2 noyabr
Məkanlar: Heydər Əliyev Mərkəzi, İçərişəhər, Azərbaycan Milli İncəsənət Muzeyi, YARAT, Rəssamlıq Akademiyası və digər qalereyalar

PROQRAMLA ƏTRAFLI TANIŞ OLMAQ ÜÇÜN KLİKLƏYİN

Oxşar xəbərlər