MİLLƏT VƏKİLİ: “Turizm reyestrində qeydiyyatın könüllü deyil, məcburi olması zəruridir”
““Turizm haqqında” Qanunun qəbulu bu sahənin hüquqi tənzimlənməsində yeni mərhələnin əsasını qoymuşdur. Bununla belə, praktiki tətbiq göstərir ki, bəzi müddəaların işlək mexanizmlərlə dəstəklənməsinə ehtiyac vardır”.
Turizmplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov fevralın 27-də parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmə zamanı qeyd edib.
“Turizm sahəsində baş verən xoşagəlməz və sui-istifadə hallarının qarşısının alınması məqsədilə turizm şirkətlərinin dövlət reyestrində qeydiyyatının könüllü deyil, məcburi olması zəruridir. Turizm haqqında Qanunda nəzərdə tutulan reyestr turizm bazarında istehlakçı hüquqlarının qorunmasını daha da gücləndirəcəkdir”, – deyə millət vəkili qeyd edib.

