USD 1.7
25 °C

İsrail-İran münaqişəsi yerli şirkətlərin işinə necə təsir göstərir? – TURİZMÇİLƏR DANIŞIR

İyun 18, 2025 15:00 / 590
İsrail-İran münaqişəsi yerli şirkətlərin işinə necə təsir göstərir? – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Son günlərdə İsrail və İran arasında artan siyasi və hərbi gərginlik təkcə region ölkələrini deyil, həm də geniş coğrafiyanı əhatə edən turizm sektorunu təsiri altına alıb. Münaqişə səbəbindən hava yollarında dəyişikliklər, turist axınında azalma və səyahət planlarının təxirə salınması kimi hallar Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərini də yaxından maraqlandırır.

cbx-add

Turizmplus.az olaraq bu vəziyyətin yerli turizm sənayesinə konkret təsirlərini öyrənmək məqsədilə bir neçə yerli turizm şirkətinin nümayəndələri ilə müsahibə hazırladıq. Müsahibədə şirkətlərin bu vəziyyətə necə reaksiya verdiyi, hansı alternativlər axtardığı və müştərilərlə etimadı necə qoruduqları barədə fikirlər yer alıb.

“Green Apple MICE & Leisure Travel” şirkətinin Baş direktoru Fərahim Əliyev:

İsrail və İran arasındakı gərginlik yerli turizm sektoruna birbaşa təsir edir. Bu istiqamətlər üzrə hazırlanan turlar kütləvi şəkildə ləğv olunur, viza və sığorta məsələlərində risklər artır. Hərbi təhlükə səbəbilə aviadaşımalarda ləğv edilmələr və biletlərin bahalaşması müşahidə olunur. Münaqişə regionun sabitliyini pozduğu üçün Avropa və Yaxın Şərqdən gələn turistlərin sayı da azala bilər. Təəssüf ki, bəzi turistlər Azərbaycanı da riskli zona kimi dəyərləndirirlər. Nəticədə otellərlə və digər xidmət təminatçıları ilə əməkdaşlıq zəifləyir, daxili bazarda isə qiymət artımı və inamsızlıq yaranır. Şirkətlər alternativ istiqamətlər axtarmalı və müştəri inamını qorumağa çalışmalıdır.

“Aristokrat Travel” şirkətinin rəhbəri Nizami Həsənov:

Məlum olduğu kimi, İsraildəki B2B tərəfdaşlarımız bu ayın sonuna qədər olan bütün rezervasiyaları ləğv ediblər. Bu, Azərbaycana gələn turist axınında ciddi azalmalara səbəb olur.

Bundan əlavə, Azərbaycan və İran İslam Respublikası arasında bir neçə yeni birbaşa aviareys təsdiqlənmişdi və İranda ölkəmizə olan səyahət satışları çox ümidverici şəkildə başlamışdı. Lakin hazırkı münaqişə bu prosesə də mənfi təsir göstərib.

Ən əsas məsələ isə ondan ibarətdir ki, Azərbaycanın İranla birbaşa sərhədinin olması, beynəlxalq turizm təhlükəsizlik meyarlarına əsasən ölkəmizin “qırmızı zona” kimi qiymətləndirilməsinə səbəb olur. Bu isə o deməkdir ki, digər ölkələrdən Azərbaycana turist göndərən agentliklər də artıq rezervasiyaları ləğv etməyə başlayıblar – baxmayaraq ki, Azərbaycan regionun ən sabit və təhlükəsiz ölkəsidir.

Mövcud vəziyyət fonunda profillaktik və kommunikativ tədbirlərin görülməsi, ölkəmizin təhlükəsiz turizm məkanı kimi tanıdılması üçün fəal informasiya işinin aparılması son dərəcə vacibdir.

“Baku Holiday Travel” şirkətinin nümayəndəsi Nurlan Səfərli:

Hazırda İsrail və İran arasında baş verən münaqişə regionda təhlükəsizlik və hava nəqliyyatı baxımından müəyyən çətinliklər yaradıb. Xüsusilə İran hava sahəsində bəzi uçuşların ləğv olunması və digər uçuşların alternativ marşrutlardan istifadə etməsi müşahidə olunur. Bu səbəbdən bir sıra beynəlxalq reyslərdə, xüsusilə Dubay istiqamətində uçuş müddətləri 2-3 saatadək artmışdır.

Bunun nəticəsində bəzi turistlər əvvəlcədən planlaşdırdıqları səfərlərini ləğv edərək, daha stabil və qısa məsafəli alternativ istiqamətlərə üstünlük verməyə başlayıblar. Yerli turizm şirkətləri isə yaranmış situasiyaya operativ uyğunlaşmağa, müştərilər üçün yeni seçimlər təqdim etməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, bu tip münaqişələr ilk növbədə siyasi gərginlik yaratsa da, qlobal turizm zəncirinə də təsirsiz ötüşmür. Ümid edirik ki, bu gərginlik qısa müddətdə aradan qalxacaq və regionda sülh bərqərar olacaq.

Oxşar xəbərlər