İspaniya 7 ay ərzində turizmdən 76 milyard 74 milyon avro qazanıb

Sentyabr 2, 2025 11:47 / 194
İspaniya 7 ay ərzində turizmdən 76 milyard 74 milyon avro qazanıb
A-
A
A+

İspaniya, ilin 7 ayında 55,5 milyon turistlə turizm gəlirində rekord qırıb. Turistlərin ümumi xərcləri 7,2 faiz artaraq 76 milyard 74 milyon avroya çatıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, Milli Statistika İnstitutunun (INE) məlumatına görə, 2024-cü ildə Fransadan sonra dünyada ən çox turist qəbul edən İspaniya, yanvar-iyul dövründə də rekord göstəricilərə nail olub.

Ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 4,1 faiz artaraq 55,5 milyona yüksəlib. Turistlərin ümumi xərcləri isə 7,2 faiz artımla 76 milyard 74 milyon avro təşkil edib.

Statistik göstəricilərdə son iki ildir ki, İspaniyanın ardıcıl olaraq yanvar-iyul aylarında 50 milyondan çox turisti qəbul etməsi diqqət çəkib.

Qərbi Aralıq dənizində yerləşən İspaniyanı ziyarət edənlərin sırasında təxminən 11 milyon nəfərlə ingilislər, 7,1 milyon nəfərlə fransızlar və 6,9 milyon nəfərlə almanlar ön sırada yer alıb.

İspaniyanın ən çox ziyarət edilən bölgələri 11,6 milyon turistlə Kataloniya, 9,1 milyon nəfərlə Kanar adaları və 9 milyon ziyarətçi ilə Balear adaları olub.

Turist başına orta xərclər 1493 avro olaraq qeydə alınıb

Turist başına orta xərcin 1493 avro, gündəlik orta xərclərin isə 210 avro olduğu bildirilib.

Turizm Şurası sədrinin müavini Santiaqo Valexo, İspaniya dövlət radiosu RNE-yə verdiyi açıqlamada yanvar-iyul göstəricilərini “mükəmməl” adlandıraraq, ilin sonuna qədər artım bu templə davam edərsə, 2024-cü ildəki 94 milyon ziyarətçi sayını keçərək 2025-ci ili 98 milyon turistlə başa vurmağı gözlədiklərini söyləyib.

Valexo, avqust ayı üçün ötən illə müqayisədə cüzi azalma gözlədiklərini, lakin ümumilikdə ilin çox yaxşı göstəricilərlə başa vurulacağını qeyd edib. O həmçinin İspaniyanın oxşar iqlimə malik digər Aralıq dənizi ölkələri ilə müqayisədə üstünlüyünün mədəni tədbirlər, əyləncə və qastronomiya olduğunu vurğulayıb.

Oxşar xəbərlər