Hindistanın Ahmedabad şəhəri yaxınlığında “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bu gün səhər saatlarında qəzaya uğrayıb. Boeing 787-8 Dreamliner tipli təyyarə AI171 reysi ilə London-Gatwick istiqamətində hərəkət edərkən havaya qalxdıqdan az sonra Meghani yaşayış massivində yerə çırpılıb.

Turizmplus.az xəbər verir ki, təyyarədə 230 sərnişin və 12 nəfərlik ekipaj heyəti olmaqla ümumilikdə 242 nəfərin olduğu bildirilib. Qəza nəticəsində təyyarədən qalın qara tüstü yüksəlib, hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Təyyarənin tam yanacaqla havaya qalxdığı üçün zərbə anında partlayışın güclü olduğu və ətrafdakı binalara da zərər dəydiyi qeyd olunur.
Hadisə ilə bağlı Air India qısa açıqlama verib: “AI171 reysi ilə bağlı bu gün, 12 iyun 2025-ci il tarixində baş vermiş qəzanı təəssüflə bildiririk. Ətraflı məlumatlar tezliklə paylaşılacaq.”
Hazırda qəzanın səbəbi məlum deyil. Hindistan Mülki Aviasiya İdarəsi (DGCA) və Boeing şirkətinin mütəxəssisləri araşdırmalara başlayıblar. Ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat verilməyib.
Qəzanın baş verdiyi Ahmedabad şəhəri Hindistanın mühüm turizm və sənaye mərkəzlərindən biri hesab olunur. Hadisənin şəhərin sıx məskunlaşmış bölgəsində baş verməsi nəticəsində yerli əhali arasında təşviş yaranıb.