GÖYDƏNİZ QƏHRƏMANOV: Çin-Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq genişləndirilir
Çinlə Azərbaycan arasında qarşılıqlı turist axınının artırılması və bu sahədə hava yolları ilə əlaqələrin inkişafı məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Çin Cənub Hava Yolları şirkətinin Bakı nümayəndəsi Zang Yang arasında keçirilən görüşdə müzakirə olunub.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüş zamanı 2024-cü ilin yanvar-noyabr aylarında Çin Xalq Respublikasından Azərbaycana 42.374 nəfərin səfər etdiyini və ötən ilin analoji dövrü ilə müqayisədə 94 faiz artımın olduğunu qeyd edən Göydəniz Qəhrəmanov son illər Çin ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin turizm sektoruna qarşılıqlı fayda verdiyini bildirib.
ATAA sədri Çinin qlobal turizm bazarında böyük potensiala sahib olduğunu, bu istiqamətin son illər turist cəlbediciliyi baxımından Azərbaycan üçün maraqlı destinasiyaya çevrildiyini vurğulayıb.
Müzakirələr zamanı Zang Yang Çin Cənub Hava Yolları şirkətinin Azərbaycan üzrə fəaliyyəti, yeni istiqamətlər və layihələr haqqında ətraflı məlumat verib. Zang Yang Azərbaycan və Çin arasında birbaşa uçuşların sayının artırılmasının, qarşılıqlı təbliğat və təşviqat kampaniyalarının keçirilməsinin, eləcə də iki ölkənin turizm sənayesi subyektləri arasında mövcud olan əməkdaşlıq imkanların genişləndirilməsinin gələcəkdə iki ölkənin turizm sektoru arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.