Dubay istiqaməti ilə bağlı müzakirələr – TUR-OPERATORLAR TOPLANDI

Dünən Bakıda yerləşən “Aviapartner” ofisində Flydubai hava yollarının təşəbbüsü ilə xüsusi görüş keçirilib.

Turizmplus.az xəbər verir ki, tədbirdə ölkənin aparıcı tur-operatorları – Pasha Holidays, F&S Travel, ANEX Tour, Pegas Touristik və Kompas iştirak edib. Görüşdə həmçinin Dubay Turizm Departamentinin təmsilçisi Zara Kaganda da yer alıb.
Görüşün əsas mövzusu Dubay istiqamətində turizmin inkişafı, tur operatorlarının qarşılaşdığı çətinliklər və Flydubai ilə gələcək əməkdaşlıq imkanları olub. İştirakçıların rəy və təklifləri dinlənilib, Dubay istiqamətində turist axınının artırılması ilə bağlı yeni təşəbbüslər müzakirə olunub.
Tədbir zamanı Aviapartner şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev qeyd edib ki, bu il ənənəvi olaraq Bakıda keçirilən Dubai Road Show tədbiri ilk dəfə olaraq Dubayda baş tutacaq. Flydubai-nin dəstəyi ilə Azərbaycandakı tur operator və turizm agentliklərinin bu tədbirə qatılması planlaşdırılır. Bu, Azərbaycan və Dubay arasında turizm əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Statistik rəqəmlərə əsasən, Dubay, Türkiyədən sonra Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi ikinci istiqamət olaraq qalır.