USD 1.7
30 °C

Daxili turizmdə müşahidə edilən qiymət artımının bir sıra səbəbləri var – RƏHİM QƏDİROV

İyun 4, 2024 12:21 / 118
Daxili turizmdə müşahidə edilən qiymət artımının bir sıra səbəbləri var – RƏHİM QƏDİROV
A-
A
A+

Yay mövsümi ilə əlaqədar turizm sahəsi daha çox canlanır. İstəyinə və cibinə uyğun olaraq istirahət etmək istəyən insanlar daha çox respublikanın rayonlarına üz tutmağa üstünlük verirlər. Yerli əhali ilə yanaşı, digər ölkələrdən Azərbaycana gələn turistlər də dincəlmək üçün regionlara üz tuturlar.

Bəs insanlar daha çox hansı zonalara üz tuturlar və qiymətlər keçən illə müqayisədə nə dərəcədə dəyişib?

Turizmplus.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az saytına danışan turizm eksperti Rəhim Qədirov bildirib ki, Azərbaycanda 4 əsas turizm marşrutu var.

“Vətəndaşlarımızla yanaşı, xarici turistlər də bu istiqamətlərə daha çox üstünlük verirlər. Ancaq konkret olaraq ad çəksəm Quba, Qusar, Şamaxı, Qəbələ, Şəki, Masallı, Astara rayonları turistlərin yay mövsümündə ən çox üz tutduğu istiqamətlərdir. Sizə də məlumdur ki, bir neçə ildir dövlət sərhədləri bağlıdır. Bu məqam daxili turizmin canlanmasına və insanların Azərbaycanın rayonlarında istirahət etməsinə böyük təkan verir. Belə ki, azacıq turizm potensialı olan rayonlarımız da yay mövsümündə turist sarıdan əziyyət çəkmir”.

Ekspert qeyd edib ki, daxili turizmdə son illərə nisbətən qiymət artımı müşahidə edilir.

“Bunun da bir sıra səbəbləri var. Qrup halında təşkil edilən daxili turlarda Gürcüstan nömrə nişanlı avtomobillərə qoyulan qadağalar bazarda nəqliyyat xidmətlərində qiymət artımına səbəb olub. Bu da öz növbəsində daxili turlarda qiymət artımına gətirib çıxarır. Bundan əlavə ümumi malların dəyərində qiymət artımları var ki, bu da birbaşa və ya dolayı yolla iaşə obyektlərinə, hotellərə təsirsiz ötüşmür. Yuxarıda da qeyd etdiyim kimi, sərhədlər bağlı olduğundan daxili turizmə tələbat artıb ki, bu da qonaqlama obyektlərində sıxlığa səbəb olur. Nəticədə, yenidən qiymət artımları ilə üzləşirik. Ötən illərə nisbətən bu il qiymət artımı müşahidə olunacaq”.

Rəhim Qədirovun sözlərinə görə, bu il əhalinin ən çox getmək istədiyi istiqamətlər işğaldan azad olunan rayonlardır:

“Şuşaya, Laçına və Kəlbəcərə səfər etmək istəyən insanların sayı həddən artıq çoxdur. Mən inanıram ki, bir neçə mövsüm sonra adını çəkdiyim rayonlar turizm potensialı baxımından Azərbaycanın bu sahə üzrə ən öndə gedən istiqamətləri olacaqlar”.

Oxşar xəbərlər