Xəbər verdiyimiz kimi bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası start götürüb.
Bu əlamətdar tədbir Bakı Olimpiya Stadionunun ərazisində keçirilir. Tədbirlə bağlı stadionun ərazisi 2 hissəyə – Mavi zona və Yaşıl zonaya bölünüb. Bəs, bu zonalar hansı məqsədlər üçün istifadə ediləcək?
Turizmplus.az xəbər verir ki, Mavi zona UNFCCC tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 çərçivəsində keçirilən bütün rəsmi sessiyalar, iclaslar, paralel tədbirlər və mətbuat konfransları Mavi zonada keçiriləcək.
Yalnız UNFCCC tərəfindən akkreditə olunmuş iştirakçılar, o cümlədən Tərəflərin nümayəndə heyətləri, dövlət başçıları, müşahidəçilər və akkreditə olunmuş media nümayəndələri Mavi zonaya daxil ola bilərlər.
Daha ətraflı məlumat üçün: www.unfccc.int
Yaşıl zona isə müxtəlif maraqlı tərəflərin – dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır.
COP29 Sədrliyinin rəhbərliyi altında olan Yaşıl zonanın təşkilində konseptual məqsəd iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Ətraflı sorğuların təqdim edilməsi və Mavi zona ərazisində nümayəndə heyətlərinin pavilyon və ofislərinin yaradılması üçün “COP29 Nümayəndə heyətləri xidmətləri portalı”na aşağıdakı link vasitəsilə daxil olmaq mümkündür: www.cop29.services
Bu portal sayəsində nümayəndə heyəti üzvləri Konfransın Mavi zona ərazisində iştirak üçün tələb olunan bütün əlavə xidmətləri seçə biləcəklər. BMT-nin iqlim dəyişmələri üzrə konfranslarının təşkili sahəsində zəngin təcrübəsi olan “Orientations.events” şirkəti COP29 ölkə pavilyonlarının əməliyyat tərəfdaşı kimi müəyyən edilib.