“Azərbaycan üçün də əsas çağırış turistləri yalnız Bakıda saxlamaq deyil, onlara “Bakı+” təcrübəsi təqdim etməkdir”
Azərbaycanın turizm sahəsində əsas problemi ölkənin cəlbedici olmaması deyil, mövcud turizm potensialından tam istifadə edilməməsidir.
Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu Dünya Bankının Özəl sektor üzrə baş mütəxəssisi Şon Mann Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın zəngin tarixi irsi və turizm resursları kifayət qədər səmərəli istifadə olunmur: “Bakı uğurlu turizm məkanı kimi inkişaf etdirilib. Lakin ölkənin növbəti əsas vəzifəsi paytaxtdan kənarda rəqabətqabiliyyətli turizm istiqamətlərinin formalaşdırılmasıdır. İndoneziya üçün Bali, İslandiya üçün Reykyavik necə əsas turizm mərkəzidirsə, həmin ölkələr sonradan digər istiqamətləri də inkişaf etdiriblər. Azərbaycan üçün də əsas çağırış turistləri yalnız Bakıda saxlamaq deyil, onlara “Bakı+” təcrübəsi təqdim etməkdir”.
Ekspert əlavə edib ki, turistlərin ölkədə qalma müddətinin uzadılması və regionlara səfərlərin artırılması turizm gəlirlərinin yüksəlməsində mühüm rol oynaya bilər.

