AZAL və turizm şirkətlərinin nümayəndələri Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədovla görüşüb
Azərbayca Hava Yollarının dəvəti ilə Azalın bir başa satış həyata keçirən bir sıra agentləri üçün Çexiya Respublikasına tanışlıq səfəri təşkil edilib.
“Mediaplus” xəbər verir ki, səfərdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov da iştirak edib.
Səfər zamanı turizm agentləri Çexiyanın turizm potensialı və məhsulları ilə tanış olublar. Həmçinin Assosiasiyanın təşəbbüsü ilə Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədovla görüş keçirilib.
Görüş çərçivəsində Göydəniz Qəhrəmanov ATAA-nın və üzvlərinin fəaliyyəti, ölkə turizminin inkişafında rolu, o cümlədən Çexiya Respublikası ilə mövcud turizm əlaqələri, qarşılıqlı turist cəlbediciliyinin artırılması istiqamətində görülən işlər, Çexiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.
Öz növbəsində Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov Assosiasiyanın gələcək fəaliyyətində uğurlar arzulayıb və iki ölkə arasında turizm əlaqələrinin inkişafı üçün ATAA –ya dəstək göstərməyə hazır olduğunu bildirib.
Bununla yanaşı Azərbaycan Hava Yollarının Baş kommersiya inzibatçısı Cəmil Manizadə də görüşdə iştirak edib. O, cənab Səfirə AZAL-ın birbaşa uçuşları, yeni strategiyalar, aviaşirkətin inkişafı naminə atılacaq addımlar barədə məlumat verib.
Sonda xatirə şəkili çəkilib.