26 illik məşhur turizm agentliyi İFLAS ETDİ – ÖDƏNİŞLƏR QAYTARILMIR

Yanvar 19, 2026 14:18 / 262
26 illik məşhur turizm agentliyi İFLAS ETDİ – ÖDƏNİŞLƏR QAYTARILMIR
A-
A
A+

Qlobal miqyasda davam edən iqtisadi böhran turizm sektoruna ciddi təsir göstərməkdədir. Son dövrlər dünyanın müxtəlif ölkələrində turizm şirkətlərinin iflası ilə bağlı xəbərlər ard-arda gəlir. Böhran təkcə yeni yaradılmış kiçik müəssisələri deyil, uzun illərdir fəaliyyət göstərən və minlərlə müştərisi olan köklü şirkətləri də əhatə edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu çərçivədə ABŞ-ın aparıcı turizm şirkətlərindən biri olan “North America Destinations”, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən “Regen Central” iflas etdiyini açıqlayıb. Hər iki şirkətin müştərilərə aid rezervasiyaları ləğv olunub.

2000-ci ildə təsis edilən və dünyanın müxtəlif ölkələrindən minlərlə müştəriyə xidmət göstərən North America Destinations şirkəti iqtisadi çətinliklər səbəbindən fəaliyyətini dayandırdığını bəyan edib. Şirkət Disneyland, Universal Studios kimi məşhur əyləncə parklarına turlar təşkil etməklə yanaşı, həm turizm agentliyi, həm də yerli hotellər və tema parkları üçün topdansatış tərəfdaşı kimi fəaliyyət göstərirdi.

Açıqlanan rəsmi məlumatlara görə, şirkətin ümumi aktivlərinin 1 milyon ABŞ dollarından az olduğu bildirilir. Bununla yanaşı, 50-dən az kreditor qarşısında 110 milyon ABŞ dollarına qədər borcu, eləcə də 4 milyon 480 min ABŞ dolları həcmində vergi borcu mövcuddur.

Şirkət rəhbərliyi iflasın əsas səbəbi kimi COVID-19 pandemiyası dövründə tətbiq olunan səyahət məhdudiyyətlərini göstərib. Bildirilib ki, pandemiya dövründə yaranan borclar sonrakı illərdə daha da artıb, eyni zamanda əməkhaqqı və əməliyyat xərclərinin yüksəlməsi maliyyə vəziyyətini daha da ağırlaşdırıb.

Böyük Britaniyada fəaliyyət göstərən və 2009-cu ildə yaradılmış “Regen Central” turizm şirkəti də iflas etdiyini elan edib. Şirkətin bütün uçuş və tur rezervasiyaları ləğv olunub.

Şirkət tərəfindən yayılan açıqlamada müştərilərə ödənişlərin geri qaytarılacağı bildirilsə də, Böyük Britaniya məhkəməsi rezervasiyası olan şəxslərə məhkəmə prosesi başlayana qədər gözləmələri, daha sonra isə rəsmi qaydada kompensasiya tələbi ilə müraciət etmələri tövsiyə olunub.

Mütəxəssislər hesab edirlər ki, artan inflyasiya, əməliyyat xərcləri, pandemiyadan qalan maliyyə yükü və bazarda tələbin qeyri-sabitliyi qarşıdakı dövrdə turizm sektorunda yeni iflas risklərini də gündəmə gətirə bilər. Bu vəziyyət həm turizm şirkətləri, həm də istehlakçılar üçün daha diqqətli maliyyə planlaşdırmasının vacibliyini ön plana çıxarır.

Oxşar xəbərlər