Santorini və Mikonosa səfərə hazırlaşanların NƏZƏRİNƏ

Yunanıstan yaz mövsümünün başlaması ilə birlikdə turist axınının artdığı adalarda sıxlığı nəzarət altına almaq üçün yeni tətbiqi həyata keçirib. Artıq məşhur istirahət adaları olan Santorini və Mikonosa yaxınlaşan kruiz gəmiləri hər bir sərnişinə görə 20 avro vergi ödəyəcək.

Turizmplus.az Yunanıstan Maliyyə Nazirliyinin verdiyi məlumata görə xəbər verir ki, bu tətbiq yalnız bu iki adaya deyil, daha kiçik adalara edilən səfərlərə də şamil ediləcək. Bu hallarda vergi şəxsinə görə 5 avro təşkil edəcək. Vergi 1 iyun – 30 sentyabr tarixlərini əhatə edən yüksək turizm mövsümündə tətbiq ediləcək.
Rəsmilər bu tətbiqdən illik təxminən 50 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.
Avropada kütləvi turizmlə mübarizə genişlənir
Yunanıstan, turizm təzyiqini azaltmaq məqsədilə bu cür vergi siyasəti həyata keçirən son Avropa ölkələrindən biri oldu. Hökumət, artan ziyarətçi sayının infrastruktur və təbii mühitə təsirini azaltmaq üçün bu qərarı ötən il qəbul etmişdi.
Bənzər bir tədbir ötən il İtaliyada tətbiq edilmişdi. Venesiya şəhərində gündəlik gələn turistlərdən bəzi günlərdə 5 avro giriş haqqı alınmağa başlanıb.
İspaniya da oxşar tədbirlərlə mənzil böhranını yüngülləşdirməyə çalışır. Hökumət, qeyri-qanuni qısa müddətli kirayəevlərlə mübarizə aparmaq üçün onlayn elan platformalarından minlərlə elanın silinməsini tələb edib. Turizmin ən intensiv yaşandığı ərazilərdən biri olan İbiza adasında isə iyun ayında turist nəqliyyat vasitələrinə və karavanlara qarşı məhdudiyyətlər qüvvəyə minib.