USD 1.7
9 °C

İflas edən tur-operatorlar: Turistlərin aqibəti necə olacaq? – 3 MÖVQE

İyun 5, 2024 15:43 / 771
İflas edən tur-operatorlar: Turistlərin aqibəti necə olacaq? – 3 MÖVQE
A-
A
A+

Bir neçə gün öncə Avropanın ən böyük 3-cü tur-operatoru olan “FTI”ın iflası bu məsələ ilə bağlı bəzi sualları ortaya çıxarıb.

cbx-add

Turizmplus.az aşağıda göstərilən suallarla bağlı üç tur-operatorun Azərbaycan nümayəndəliyinin rəhbərlərinin fikrini öyrənib. Beləliklə, “Summer Tour”, “Pegas Touristik” və “Rustar Tourism” tur-operatorlarının rəhbərləri Qüdrət Hacıyev, Nəzər Emin və Emil Əliyevin fikirlərini oxucularımıza təqdim edirik:

Hər hansı bir tur-operator iflasa uğradığı zaman o dövrdə tətildə olan və daha sonra səyahətə gedəcək turistlərin aqibəti necə olur?

Qüdrət Hacıyev:

– Bu zaman turoperatorun iflas elan edildiyi tarixə qədər tətildə olan turistlərə turoperatorun təminatçı şirkətləri tərəfindən xidmətlərin göstərilməsi davam edir. Belə ki, turoperatorla təminatçı şirkətlər arasında imzalanmış müqavilə əsasında tərəflər arasında öhdəliklər davam edir.

Nəzər Emin:

– Tur-operatorun iflas müraciətindən sonra iflas inzibatçısı təyin olunur və şirkətin davam edib-etməyəcəyinə və ya satılıb-satılmamasına qərar vermək üçün hərtərəfli araşdırma aparılır. Tur-operatorlərin gördükləri işin həcminə uyğun bank qarantiyası olduğu təqdirdə şirkətin o dövrdə tətildə olan və daha sonra tətilə gedəcək turistlərinin hər hansi bir problem yaşaması mümkün deyil. Əks təqdirdə dövlətin təşkilatçılığı və yardımları ilə digər tur-operatorlər, hava yolu şirkətləri, otellər və sığorta şirkətləri bir şəkildə turistlərin bu mağduriyyətini həll edirlər.

Emil Əliyev:

– Əgər turistlərin tətil zamanı turoperator iflas uğrayıbsa, turistlərə heç bir problem yaranmamalıdır, çünki turistlərin rezervasiya etdikləri hotelə və aviaşirkətə ödənişləri turoperator əvvəlcədən edir.

Turistlər belə hallarda nə etməlidir?

Qüdrət Hacıyev:

– Turoperatorun iflas etməsinə baxmayaraq tətildə olan turistlərə xidmətin icra edilməsində problem olmadığı halda, turistlər tətillərini davam etdirə bilərlər. Turoperatorun iflasının nəticəsi olaraq turistin xidmətdən yararlanmasında problemlər ortaya çıxdığı halda, turistlər qanunvericiliyin tələblərinə, eləcə də turoperatorla bağlanmış xidmət müqaviləsinin şərtlərinə əsasən hüquqlarını tələb edə bilərlər.

Nəzər Emin:

– Turizm və hotelçilər Birliklərinin də tövsiyyəsi və təkidi ilə otellər tətildə olan turistlərə qarşı anormal bir davranış göstərməz, onlardan hər hansi bir ödəniş tələb etməzlər. Səbəbi isə mağdur olan turistləri küsdürməmək, onların hər zaman güvəndə olduqlarını onlara hiss etdirmək və gələcək illərdə də bu turistləri itirməməkdir.

Emil Əliyev:

– Turistlər səfirliyə və rezervasiya etdikləri turizm agentliklərinə müraciət etməlidirlər.

Bu kimi hallarda tur-operatordan nə tələb olunur?

Qüdrət Hacıyev:

– İflas təhlükəsi olan turoperatorlar turistlərə göstərdiyi xidmətlərlə bağlı daha diqqətli olmalıdırlar. Yaranan problemlərlə əlaqədar turistlərə köməklik göstərməli, təminatçı şirkətlərlə bağlanılan müqavilələrin şərtlərinə əsasən xidməti vaxtında ləğv etməlidirlər. Turoperatorlar xüsusilə, iflas halı nəticəsində turistlərin hüquqlarının pozulmamasına çalışmalıdırlar.

Nəzər Emin:

– Ümumiyyətlə, tur-operatorlərin iflasının ən başlıca səbəbi aldıqları risklərlə gəlirlərinin düz mütənasib olmamasıdır.

Emil Əliyev:

– Turoperatorun təklif etdiyi məhsuldan aslı olaraq, heç olmasa ən azı 50000$ məbləğində bank qarantiyası təqdim olmalıdır.

MÜƏLLİF: RƏHİM QƏDİROV

Oxşar xəbərlər