Bu gün Azərbaycan turizm ictimaiyyətinin tanınmış nümayəndəsi, turizm mütəxəssisi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin doğum günüdür. Yaşasaydı, onun 53 yaşı tamam olardı.
Turizmplus.az xəbər verir ki, Ruslan Gəray oğlu Quliyev 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Ruslan Quliyev 2000-ci illərin əvvəllərindən turizm sektorunda fəaliyyət göstərib.
O, “Millennium Tourism & Congress” şirkətinin təsisçisi, 2009-cu ildə yaradılan “Skal Bakı” klubunun qurucularından biri və ilk prezidenti olub. 2013-cü ildə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasını təsis edib. 2018-ci ildə Dünya Sağlamlıq Turizm Şurasının prezidenti seçilib.
Ruslan Quliyev uzun illər turizm sahəsində həm sahibkar, həm ictimai xadim, həm də pedaqoq kimi fəaliyyət göstərib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Ruslan Quliyev 8 iyun 2026-cı ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində qəfil vəfat edib. Onun vəfatı Azərbaycan turizm ictimaiyyətində dərin kədər doğurub.
Ruslan Quliyev fəaliyyəti, təşəbbüsləri və Azərbaycan turizminin inkişafına verdiyi töhfələrlə onu tanıyanların yaddaşında qalacaq.
Allah rəhmət eləsin!

