Azərbaycan–Qazaxıstan turizm əlaqələrinin inkişafında yeni mərhələ: Şımkənddən başlayan imkanlar
Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin genişləndirilməsi hər iki ölkənin iqtisadi və mədəni əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Oktyabrın 23–25-də Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Qazaxıstanın Şımkənd şəhərinə təşkil olunan press-tur bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biridir. Səfərin əsas məqsədi şəhərin turizm potensialını tanımaq, qarşılıqlı turist mübadiləsini təşviq etmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək olub. Press-tur çərçivəsində Şımkəndin tarixi abidələri, mədəni irsi, görməli yerləri və müasir şəhər infrastrukturu ilə yaxından tanış olduq. Şəhərin zəngin tarixi və özünəməxsus mədəniyyəti onun Azərbaycan turistləri üçün də maraqlı istiqamətə çevrilə biləcəyini göstərir.
AZAL-ın Bakı–Şımkənd marşrutu üzrə həftədə üç dəfə birbaşa uçuş həyata keçirməsi iki ölkə arasında səyahət imkanlarını əhəmiyyətli dərəcədə asanlaşdırır. Birbaşa aviareyslər turistlərə vaxta qənaət etməyə, işgüzar səfərləri daha rahat planlaşdırmağa və turizm şirkətləri arasında əlaqələri genişləndirməyə imkan verir. Qazaxıstan vətəndaşları ilə apardığım söhbətlər zamanı Azərbaycanın turizm imkanlarına, xüsusilə Naftalanın müalicə-sağlamlıq turizminə marağın olduğunu müşahidə etdim. Azərbaycanın təbii sərvətləri, müasir hotelləri, sağlamlıq mərkəzləri, milli mətbəxi və qonaqpərvərliyi Qazaxıstan turistləri üçün mühüm cəlbedici amillərdir. Eyni zamanda, Bakı ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur, Şuşa, Qəbələ və digər bölgələrimizin turizm imkanlarının tanıdılması ölkəmizə səfərlərin şaxələndirilməsinə kömək edə bilər.

Belə press-turlar yalnız turizm məkanlarının tanıdılması ilə məhdudlaşmır, həm də media nümayəndələri, turizm şirkətləri və aviasiya sektoru arasında yeni əməkdaşlıq imkanları yaradır. Qarşılıqlı tanıtım tədbirləri hər iki ölkənin turizm məhsullarının daha geniş auditoriyaya çatdırılmasına və səyahətə marağın artmasına şərait yaradır. Hesab edirəm ki, bu istiqamətdə ardıcıl fəaliyyət hotellərin, nəqliyyat şirkətlərinin, turizm agentliklərinin və digər xidmət sahələrinin inkişafına da müsbət təsir göstərə bilər. Azərbaycan və Qazaxıstanın ortaq tarixi, mədəni yaxınlığı və türk dünyasına mənsubluğu turizm əməkdaşlığının daha da möhkəmlənməsi üçün əlverişli zəmin yaradır. Əminəm ki, AZAL-ın birbaşa uçuşları və bu kimi beynəlxalq tanıtım layihələri gələcəkdə qarşılıqlı turist mübadiləsinin artmasına, işgüzar əlaqələrin genişlənməsinə və ölkələrimiz arasında iqtisadi dövriyyənin güclənməsinə töhfə verəcək. Bu əməkdaşlıq, eyni zamanda, türk dünyası xalqlarının bir-birini daha yaxından tanımasına, ortaq dəyərlərimizin təbliğinə və dostluq münasibətlərimizin möhkəmlənməsinə xidmət edir.
Müəllif: Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri , turizm məsələləri üzrə eksperti Rəhman Quliyev

