“Uber” tətbiqinə hotel rezervasiya funksiyası əlavə olunur
Texnologiya və səyahət sektorunda yeni addım atılıb.
Turizmplus.az xəbər verir ki, Uber yeni hotel rezervasiya funksiyasını təqdim edib. Funksiya şirkətin “Go-Get” tədbiri çərçivəsində elan olunub.
Məlumata görə, yeni imkan sayəsində istifadəçilər Expedia Group ilə əməkdaşlıq çərçivəsində dünya üzrə 700 mindən çox hotelə birbaşa çıxış əldə edəcəklər. Eyni zamanda, Vrbo platformasının tətil evləri də yaxın aylarda tətbiqə əlavə olunacaq.
Şirkət bildirib ki, Uber One abunəçiləri tətbiq üzərindən rezervasiya etdikdə seçilmiş 10 min hoteldə 20%-dək endirim əldə edəcək. Bundan əlavə, bütün rezervasiyalar üzrə 10% Uber krediti geri qaytarılacaq.
Şirkətin baş direktoru Dara Khosrowshahi qeyd edib ki, Uber artıq yalnız nəqliyyat və ya yemək sifarişi tətbiqi deyil, “hər şey üçün bir platforma”ya çevrilir.
Təqdimat zamanı şirkət həmçinin yeni “Səyahət rejimi” funksiyasını da tanıdıb. Bu funksiya istifadəçilərə turistik məkanlar, yerli tövsiyələr və səfərlə bağlı digər faydalı məlumatları təqdim edən bələdçi rolunu oynayacaq. Bundan əlavə, tətbiqdə otaq servisi, yemək sifarişi və restoran rezervasiyası kimi imkanlar da genişləndiriləcək.

