Ziyafət Əsgərov: Ermənistan sərhəddə təxribat törətməyə cəhd etsə…
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistanın Azərbaycanla siyasətində ziddiyətlər həmişə olub:
“Bu, Ermənistanın birinci belə hərəkəti deyil. Ermənistan həmişə sülh müqaviləsindən danışır, buna baxmayaraq yenə də, belə təxribatçı hərəkətlərlə məşğuldur. Əvvəl onlar bunu etiraf etmədilər. Lakin sonradan şərti sərhədimizə hərbi texnika yığdıqları məlum oldu. Burada məqsəd təxribat törətməkdən başqa nə ola bilər? Ermənistanın Azərbaycanla siyasətində ziddiyətlərin həmişə şahidi olmuşuq. Hər zaman bu ölkə sülh müqaviləsindən danışır, lakin yenə də təxribatlar törədir. Bu dəfə də Azərbaycanla şərti sərhəddə təxribat törətməyə cəhd edəcəkləri halda layiqli cavablarını alacaqlar. Möhtərəm cənab Prezidentin çıxışlarında, Xarici İşlər Nazirliyinin bəyanatlarında da sülhə yaxın olduğumuz diqqətə çatdırılıb. Parlament sədrimiz hörmətli Sahibə Qafarova Cenevrədə Ermənistan Parlament sədri ilə görüşündə verdiyi bəyanatlarda da sülh müqaviləsinə çox yaxın olmağımızı dilə gətirib. Belə bir dövrdə hərbi texnika və qurğuların Ermənistan tərəfindən Azərbaycan şərti sərhədinə yığılmasında məqsədi nə ola bilər?”.
Mənbə: modern.az