YAP nümayəndə heyəti ICAPP Biznes Şurası və Daimi Komitəsinin iclaslarında iştirak edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti 27-30 may tarixlərində Tailand Krallığı Milli Assambleyasının ev sahibliyi ilə bu ölkənin Banqkok şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Biznes Şurasının 2-ci və Daimi Komitəsinin (DK) 41-ci iclaslarında iştirak edib.
Mayın 27-də YAP nümayəndə heyəti Tailandın Toplantı və Sərgi Bürosunun və Fəxri Konsullar Assosiasiyasının adından verilən şam yeməyinə qatılıb.
Mayın 28-də 19 ölkədən 22 siyasi partiya və 38 biznes qurumunun iştirakı ilə “Ərzaq təhlükəsizliyi və turizmin təşviqi” mövzusunda keçirilən Biznes Şurası iclasının açılış mərasimində qurumun Bürosunun yeni tərkibi müəyyənləşib. ICAPP DK-nın üzvü Tahir Budaqov siyasi partiyaların və biznes mühitinin nümayəndələrindən təşkil olunan 8 nəfərdən ibarət Büroya yekdilliklə sədr müavini qismində üzv seçilib.
Daha sonra “Ərzaq təhlükəsizliyi”nə həsr olunmuş birinci plenar sessiyada çıxış edən YAP Gənclər Birliyinin və Milli Məclisin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Xasayeva dünyada artan silahlı münaqişələrin və getdikcə özünü daha qabarıq göstərən iqlim dəyişikliyinin qlobal miqyasda ərzaq və qida təhlükəsizliyinə ciddi təhdidlər yaratdığını qeyd edib. O vurğulayıb ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini birmənalı olaraq qəbul edir və ölkəmizin bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP 29-a ev sahibliyi etməsi bunun təsdiqidir.
“Qlobal emissiyalardakı payının çox cüzi olmasına baxmayaraq, Azərbaycan qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə çox aktiv fəaliyyət göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti ölkənin 2020-ci ildə işğaldan azad edilmiş ərazilərini – Qarabağ və Şərqi Zəngəzuru “Yaşıl enerji” zonası elan edib”,- deyən S.Xasayeva iqlim dəyişikliyinə qarşı mübarizə səylərinin sadəcə istixana qazı emissiyalarını azaltmaq və qlobal istiləşməni məhdudlaşdırmaq niyyətini güdmədiyini, həm də ərzaq təhlükəsizliyinə müsbət təsir etmək məqsədi daşıdığını vurğulayıb.
İclasın “Turizmin təşviqi” adlı ikinci plenar sessiyasında çıxış edən ICAPP Biznes Şurasının üzvü, “Millennium Turizm & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru Ruslan Quliyev turizmin təhlükəsizlik və qonaqpərvərliklə sıx bağlı olduğunu, dünyada geosiyasi mübarizənin və hərbi münaqişələrin kəskinləşməsi fonunda təhlükəsiz turizm mühiti təqdim edən Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etməklə bütövlükdə Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizlik üçün əlverişli zəmin yaratdığını bildirib. Onun sözlərinə görə, təhlükəsizliklə yanaşı, Azərbaycan turistlərə xalqımızın çoxəsrlik tolerantlıq, multikulturalizm ənənələrinə söykənən qonaqpərvərlik mədəniyyəti və sürətlə inkişaf edən turizm infrastrukturu təqdim edir.
“Şərq ilə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan uzun illər ərzində müxtəlif beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərə uğurla ev sahibliyi edir”,- deyən R.Quliyev bu baxımdan MDB ölkələri arasında ilk olaraq Azərbaycanda keçiriləcək və dünyanın hər yerindən on minlərlə iştirakçını bir araya gətirəcək COP-a ev sahibliyinin ölkəmizin turizm imkanlarını reallaşdırmaq və genişləndirmək üçün hökumətə və iş adamlarına yeni fürsətlər təqdim edəcəyini, tədbirin keçirilməsindən əldə ediləcək zəngin təcrübənin isə Azərbaycanın turizm sənayesinin inkişafına növbəti illərdə də öz təsirini göstərəcəyini bildirib. Azərbaycanın geniş turizm imkanlarından da bəhs edən R.Quliyev ölkəmizin artıq dünyada yeni turizm istiqaməti kimi tanındığını xüsusi qeyd edib.
İclasın sonunda aparılmış müzakirələrin əsas məzmununu özündə əks etdirən Banqkok bəyanatı qəbul edilib.
Həmin gün YAP Sədrinin müavini Tahir Budaqov ICAPP DK-nın 41-ci iclasında da iştirak edib. İclasda ICAPP-ın son 6 ayda gördüyü işlərə nəzər salınıb, qurumun cari və gələcək fəaliyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb.
DK iclası çərçivəsində ICAPP-ın baş katibi Kvon He-seoq ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev tərəfindən iki qurum arasında müşahidəçilərin mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.
Mayın 29-da iştirakçıların 28 may – 1 iyun tarixlərində paytaxt Banqkokda keçirilən “THAIFEX – Anuga Asia 2024” beynəlxalq qida və içki sərgisinə ziyarəti təşkil olunub, stendlərə baxış keçirilib.
Daha sonra iştirakçıların Tailand parlamentinin binasına ekskursiyası təşkil olunub, qonaqlara ölkənin ali qanunvericilik orqanı haqqında ətraflı məlumat verilib.
Nümayəndə heyətinin səfəri mayın 30-da başa çatıb.