TURİZMÇİLƏRİN DİQQƏTİNƏ: TLS viza mərkəzi bir sıra YENİLİKLƏR TƏTBİQ EDİB – GÖRÜŞ

Oktyabr 30, 2025 14:44 / 500
TURİZMÇİLƏRİN DİQQƏTİNƏ: TLS viza mərkəzi bir sıra YENİLİKLƏR TƏTBİQ EDİB – GÖRÜŞ
A-
A
A+

28 oktyabr 2025-ci il tarixində ATAA ofisində “Getmə turizm” komitəsinin təşkilatçılığı ilə TLS viza mərkəzinin rəhbəri Rüstəm Nəbizadə ilə görüş keçirilib. Görüş zamanı Almaniya vizası ilə bağlı mövcud qaydalar, sənədlərin təqdimatı və xidmət prosesləri barədə ətraflı müzakirələr aparılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, tərəflər arasında əməkdaşlıq imkanları, turizm şirkətləri üçün viza dəstəyi xidmətlərinin təkmilləşdirilməsi, həmçinin ATAA üzvü olan şirkətlərin qaydalara riayət etməklə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.

“Getmə turizm” komitəsi yaxın günlərdə digər viza mərkəzlərinin nümayəndələri ilə də oxşar görüşlər keçirməyi planlaşdırır. Belə görüşlərin əsas məqsədi ATAA “Getmə turizm” komitəsinin nümayəndələri ilə tanışlıq, dost-həmkar münasibətlərinin formalaşdırılması və ATAA üzvü olan turizm şirkətləri işçilərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və viza mərkəzlərinin təyin etdiyi qaydalara əməl edərək peşəkar viza dəstəyi xidməti göstərməsidir.

TLS viza mərkəzinin tətbiq etdiyi yeniliklər:

  1. Azərbaycan dilində olan sənədlər ingilis dilinə tərcümə olunmalıdır. Tərcüməni notarial və ya tərcümə mərkəzi tərəfindən təsdiqləməyə ehtiyac yoxdur.

  2. Fotoşəkil tələbi: 3,5×4,5 ölçülü biometrik şəkil boz fonda çəkilməlidir. Ağ fonda çəkildiyi halda, sərnişinin geyimi ağ olmamalıdır.

  3. https://visas-de.tlscontact.com/en-us/country/az?view=map səhifəsində anket tam doldurulub təsdiqləndikdən sonra, görüşün tarixi və saatı 2 həftə ərzində elektron poçta göndərilir.
    a) Görüş üçün sərnişinin adı, soyadı, doğum tarixi və pasport nömrəsi düzgün qeyd olunmalıdır.
    b) Köhnə pasport məlumatları ilə görüş alınıb, yeni pasportla sənəd təhvili qəbul edilmir.

  4. Əlavə xidmətlər (1 nəfər üçün qiymətlər):
    a) “Prime time” xidməti – 80 AZN
    b) VİP otaqda sənədlərin qəbulu – 90 AZN
    c) “VİP combo” xidməti – 150 AZN
    d) “Apply anywhere” səyyar xidməti – 300 AZN
    e) Standart görüş zamanı sənədlərin tərcüməsi, sığorta və foto xidməti də mövcuddur.

  5. Vizaya müraciət uçuşdan 180 gün öncə edilə bilər.

  6. Qrup şəklində müraciət üçün tövsiyə olunan sərnişin sayı 5 nəfər, maksimum isə 10 nəfərdir.

  7. 12 yaşadək uşaqlar üçün viza müraciəti vaxtı təyin olunur, lakin mərkəzə gəlməyə ehtiyac yoxdur. Anketdə hər iki valideynin imzası vacibdir.

  8. Təcili hallar (xəstəlik, əməliyyat və s.) zamanı sənədlər növbədən kənar qəbul olunur, lakin müvafiq sübut təqdim edilməlidir.

  9. Almaniyada təhsil alan övladı olan valideynlər 35 avro viza rüsumundan azaddırlar.

  10. Son 3 ildə biometrik məlumatları verilmiş sərnişinlərin sənədləri turizm şirkəti nümayəndəsi tərəfindən təhvil verilə bilər. Bu halda TLS mərkəzinin etibarnamə forması doldurulmalıdır.

  11. Vizaya cavab sənədlərin təqdimatından 10 təqvim günü ərzində verilir.

  12. Viza baxıldığı müddətdə digər səfər ehtiyacı yaranarsa, sərnişin “pasportun müvəqqəti alınması” ərizəsini dolduraraq pasportunu götürə bilər.

  13. Sərnişin səyahət günlərinə uyğun sığorta ilə təmin olunmalıdır.

  14. Uzunmüddətli turistik viza üçün sığorta minimum 45 gün yazılmalı, bank hesabında ən azı 4050 avro olmalıdır.

  15. Köhnə pasportda aktiv viza varsa, onu yeni pasporta rüsumsuz keçirmək mümkündür.

Əlavə olaraq qeyd edək ki, TLS viza mərkəzi yalnız ATAA üzvləri üçün təlim təşkil edəcək. Təlimdə Almaniya və İngiltərə anketlərinin doldurulması, sənədlərin düzgün yığılması və digər faydalı məlumatlar paylaşılacaq.

Vacib qeyd: Turizm şirkəti nümayəndəsi tərəfindən qanuna və viza mərkəzinin qaydalarına zidd hərəkət, yaxud qeyri-etik davranış halları aşkar olunduğu təqdirdə, TLS viza mərkəzi həmin şirkət barəsində ATAA rəhbərliyinə və müvafiq dövlət qurumlarına rəsmi müraciət etmək hüququna malikdir.

Oxşar xəbərlər