USD 1.7
16 °C

Turizm sektorunda LİSENZİYALAR yenidən bərpa olunsun – TURİZMÇİLƏR DANIŞIR

Sentyabr 17, 2024 16:24 / 958
Turizm sektorunda LİSENZİYALAR yenidən bərpa olunsun – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Turizm sektorunda yüksək mövsümün sona çatması ilə yenidən müştəriləri aldadan və vergidən yayınan şirkətlər, eləcə də şəxslər barədə xəbərlər aktuallıq qazanıb. Turizmçilərin sözlərinə görə, getdikcə qeyri-peşəkar insanlar ucbatından şəffaf rəqabət mühiti məhv olur, bundan isə qanunlara riayət edən şirkətlər əziyyət çəkirlər. Bu problemlərin həlli yollarından biri də turizm sektorunda yenidən lisenziyaların tətbiq edilməsi göstərilir.

cbx-add

Turizmplus.az yuxarıda qeyd edilən məsələlərlə bağlı turizm şirkətlərinin nümayəndələri arasında sorğu keçirib.

“Sun-L” şirkətinin rəhbəri Günel Şıxıyevanın fikrinə görə, turizm sahəsində həqiqətən keyfiyyətli şirkətlərin və keyfiyyətli xidmətlərin olması üçün Dövlət tərəfindən Lisenziya bərpa edilməlidir .

“Qeyd edilən məsələnin həlli bu gün həqiqətən turizmdə yüksək keyfiyyətli xidmət göstərən hər bir turizm şirkətinin arzusudur. Hər gün yeni bir şirkətin yaranması, evində oturub heç bir ofis icarəsi, vergi, işçiyə əmək haqqı vermeyən şəxslərin, blogerlərin, həkimlərin və s. sahələri təmsil edən şəxslərin artıq qarşısının alınması üçün məsələnin həlli yoludur . Bu gün hər kəs turizmçi olub və heç bir təcrübəsi olmadan hər kəs 5 azn ödəməklə MMC qeydiyyatdan keçirib işləyir və ya heç bunu etməyən şəxslər də var ki, qeyri-qanuni fəaliyyət göstərir. Turizm sektorunun uğurlu gələcəyini düşünüb həmkarlarım adından aidiyyatı qurumlara müraciət edərək, turizm fırıldaqçı şirkələrin qarşısının alınması məqsədilə lisenziyanın bərpa edilməsinin xahiş edirik”, – deyə Günel Şıxıyeva qeyd edib.

“Flame Tours DMC MMC” şirkətinin satış müdiri İlahə Hacıyevanın sözlərinə görə, hər VÖEN açdıran şəxsin sərbəst şəkildə turizm fəaliyyəti ilə məşğul olması bu sahəyə böyük ləkə vurur.

“8 ilə yaxın turizm fəaliyyəti ilə məşğul olan biri kimi şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilməsi qanununun yenidən qüvvəyə minməsinin tərəfdarıyam. Qanun yenidən qüvvəyə minsə bu lisenziyanı almaq üçün şirkətlər məcburi qaydada öz iş prinsiplərinə düzəliş etməli olacaqdır. Xüsusilə gəlmə turizm sahəsində , nəzərə alsaq ki, biz ölkəni təmsil edirik. Bəzən 1 narazı turist belə həmin ölkə haqqında birmənalı olmayan fikir yaratmağa bəs edir. Qiymət siyasətinin də bu qanunla qaydaya düşəcəyinə ümid edirəm. Kustar üsulla xidmət göstərən, cüzi xərcləri olan şəxslərin bazar qiymətlərini necə öldürdüyü hamımıza məlumdur. Biz demirik ki, siz turizmlə məşğul olmayın, biz deyirik ki, keyfiyyətli iş görün”, – deyə İlahə Hacıyeva bildirib.

“Yes Travel” şirkətinin direktoru Üzeyir Bağırlı saytımıza açıqlamasında qeyd edib ki, 2024-cü ildəki mövcud vəziyyətə baxdıqda, turizm sektorunun sürətlə böyüdüyünü və müəyyən nəzarət mexanizmlərinin yenidən qurulmasının zəruri olduğunu görürük.

“2015-ci ildə turizm sektorunda lisenziyaların ləğvi, iqtisadiyyatı canlandırmaq və yeni iş yerlərinin yaranmasını stimullaşdırmaq üçün Cənab Prezident İlham Əliyev tərəfindən atılmış əhəmiyyətli bir addım idi. Bu qərar xüsusilə kiçik və orta sahibkarlar üçün sektora daxil olmağı asanlaşdırdı və nəticədə ölkəyə daha çox turist cəlb etmək mümkün oldu. Bununla yanaşı, sektorda daha sərbəst fəaliyyət göstərmək üçün şərait yaradıldı və bu da turizm sektorunun sürətli inkişafına töhfə verdi.

Lisenziyaların bərpası bu mənada vacibdir, çünki sektorun keyfiyyət standartlarını qorumaq və göstərilən xidmətlərin səviyyəsini artırmaq məqsədi daşıyır. Lisenziya sistemi vasitəsilə həm turistlərə daha təhlükəsiz və keyfiyyətli xidmətlər təklif olunacaq, həm də sektorda qeyri-leqal fəaliyyətlərin qarşısı alınacaq. Bununla yanaşı fərdi olaraq faliyyət göstərib vətəndaşları aldadıb ziyan vuran dələduzların qarşısı alınacaq. Son günlər səyahat etmək istəyən vətəndaşların dəfələrlə hava limanında qaldığını və bilet aldıqları təqdirdə biletlərinin olmadığını görürük.

Bundan əlavə, lisenziya sistemi dövlətin vergi yığımı prosesini daha effektiv edəcək və sektorda daha şəffaf bir iqtisadi mühit yaradacaq. Bu da ölkənin büdcəsinə əlavə gəlir gətirəcək və ümumilikdə iqtisadiyyatın güclənməsinə səbəb olacaq. Əlbəttə, burada kiçik və orta sahibkarlar üçün müəyyən çətinliklər yarana bilər. Ancaq mənim fikrimcə, dövlət onlara dəstək vermək və lisenziya prosesini onlar üçün daha asan və əlçatan etmək üçün xüsusi proqramlar həyata keçirməlidir. Bu, həm kiçik sahibkarların inkişafına, həm də sektorun daha rəqabətli və sağlam olmasına imkan verəcək.

Nəticə etibarilə, lisenziyaların bərpası sektorda strukturlaşdırılmış, nəzarət olunan və davamlı bir inkişaf üçün zəruridir. Bu, həm iqtisadiyyatın, həm də turizmin keyfiyyət və təhlükəsizlik baxımından daha yüksək səviyyəyə qalxmasına səbəb olacaq”, – deyə Üzeyir Bağırlı vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında turizm sahəsi öz əksini tapmayıb. O dövrə qədər isə İndiyə qədər turizm fəaliyyəti üçün 5500 manat, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti üçün isə 1500 manat dövlət rüsumu ödənilməklə Mədəniyyət və Turizm Nazirliyindən lisenziyalar alınırdı.

Oxşar xəbərlər