“Travelport Azerbaijan” tərəfindən yerli turizm şirkətlərinin nümayəndələri üçün iftar süfrəsi təşkil olunub. Tədbirdə aviaşirkətlərin Bakı nümayəndəliklərinin rəhbərləri, turizm assosiasiyalarının təmsilçiləri, tur-operatorların rəhbərləri və sektorun digər aparıcı şəxsləri iştirak ediblər. Ümumilikdə 50-dən artıq qonaq tədbirə qatılıb.
Turizmplus.az xəbər verir ki, görüş turizm sektorunda fəaliyyət göstərən tərəfdaşlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması və gələcək perspektivlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olub.
Qeyd edək ki, Travelport dünya üzrə yüz minlərlə turizm təchizatçısının rezervasiya proseslərini təmin edən aparıcı qlobal turizm texnologiyaları şirkətidir. Şirkət 2006-cı ildə yaradılıb, lakin onun formalaşma tarixi 1971-ci ildən fəaliyyət göstərən əvvəlki sistemlərə qədər uzanır. Baş qərargahı Böyük Britaniyanın Lenqli şəhərində yerləşir.
Travelport dünyanın üç əsas Qlobal Paylama Sistemindən (GDS) biri kimi fəaliyyət göstərir və aviaşirkətləri, hotelləri, avtomobil icarəsi və dəmir yolu operatorlarını turizm agentlikləri, onlayn səyahət platformaları (OTA) və korporativ səyahət idarəetmə şirkətləri (TMC) ilə bir araya gətirir. Şirkət eyni zamanda üç GDS platformasının – Galileo, Apollo və Worldspan – sahibi və operatorudur.
Şirkətin yeni nəsil platforması olan Travelport+ süni intellekt əsaslı müasir satış həlli kimi turizm agentlikləri üçün hazırlanıb. Platforma brendlərlə əlaqəni asanlaşdırır, səyahət məhsullarının satış prosesini müasirləşdirir və rəqəmsal pərakəndə satış imkanlarını genişləndirir.
“Modern travel retailing, amplified” şüarı ilə fəaliyyət göstərən Travelport turizm satışını daha asan, daha sürətli və daha ağıllı texnologiyalar vasitəsilə yeni mərhələyə daşımağı, eləcə də tərəfdaşlarının uğurunu artırmağı hədəfləyir.

