Astarada növbəti “Eko Festival” keçiriləcək

Noyabr 12, 2025 10:47 / 310
Astarada növbəti “Eko Festival” keçiriləcək
A-
A
A+

Azərbaycanın cənub bölgəsinin turizm potensialını tanıtmaq məqsədilə 15 noyabr 2025-ci il tarixində, saat 10:00–15:30 aralığında Astara şəhərinin dənizkənarı park-bulvar ərazisində növbəti “Eko Festival” keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbir Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutacaq və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə həsr olunub.

Festivalın tərəfdaşları sırasında Lankaran Springs Wellness Resort, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, GİKM-in Lənkəran–Astara regional nümayəndəliyi, Maricel Astara Resort, Mandarinnart Hotel & Suites, Green Plant MMC, eləcə də Balçı Səyavuş arıçılıq və APİ terapiya təsərrüfatı yer alır.

Festivalın əsas məqsədi regionun biomüxtəlifliyini, aqro və etnoturizm potensialını, cənub bölgəsinə xas qonaqpərvərlik ənənələrini, zəngin mədəni irsini və yerli adət-ənənələri tanıtmaqdır. Bununla yanaşı, kənd və ekoturizmin inkişafına dəstək vermək, yerli turizm məhsullarını tanıtmaq, turizmdə mövsümülük amilini aradan qaldırmaq və regionların dayanıqlı inkişafına töhfə vermək də festivalın əsas hədəflərindəndir.

Tədbir çərçivəsində 30-dan çox yerli istehsalçı, fermer və turizm sənayesi nümayəndəsinin iştirakı ilə biomüxtəliflik, aqroturizm və qastronomiya istiqamətlərində təqdimatlar və sərgilər təşkil olunacaq. Ziyarətçiləri yerli məhsulların satış yarmarkası, dequstasiya və ustad dərsləri gözləyir. Həmçinin, yerli idmançıların çıxışları və fəal gənclər tərəfindən innovativ təqdimatlar təqdim ediləcək.

Festivalın mədəni proqramı saat 12:10-dan 15:30-dək davam edəcək və “Dərviş Band” qrupunun canlı ifası, milli rəqslər, DJ Seem və folklor kollektivlərinin çıxışlarını əhatə edəcək.

Festival iştirakçılarına Astaranın və ümumilikdə cənub bölgəsinin təbiəti, tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Tədbir yerli sakinlərlə yanaşı bölgəyə gələn turistlər üçün də regionun ekoturizm və aqroturizm imkanlarını kəşf etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər