“Runaway House Talistan” qonaqları qəbul etməyə tam hazırdır – GENİŞ FOTOREPORTAJ

Azərbaycanın ən sevilən istirahət məkanlarından biri olan İsmayıllı rayonunun Talıstan kəndində yeni fəaliyyətə başlayan “Runaway House Talistan” turizm kompleksi, həm yerli, həm də xarici turistlər üçün unikal bir təbiət istirahəti təklif edir. Burada istirahət yalnız sakitlik deyil, həm də dərin mənəvi rahatlıq, nostalgiya və ailə istiliyini hiss etdiyiniz bir mühitə çevrilir.

Turizmplus.az saytı olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən İsmayıllı rayonuna təşkil edilən səfərimiz zamanı Azərbaycanda “Runaway” brendinin yaradıcısı Murad Kərəmovla həmsöhbət olduq.
15 fərqli ev, 15 unikal ad
Hazırda kompleksdə 15 kottec fəaliyyət göstərir. Onlardan 10-u VIP kateqoriyalı, birmərtəbəli və kaminlidir, digərləri isə standart iki mərtəbəli evlərdir. Hər ev xüsusi dizayna malikdir və “English Farm Style” üslubunda inşa olunub. Maraqlı detal isə odur ki, hər evə insan adı verilib – bu adlar isə layihənin tikintisində və təşkilində əməyi olan ustaların və əməkdaşların övladlarının adlarıdır. Bu adlandırma evlərə canlı bir obraz vermək, qonaqların onlara şəfqətlə yanaşmasını təşviq etmək məqsədi daşıyır.




Təbiət, rahatlıq və nostalgiya bir arada
Kotteclərin qalın divarları yerli çay daşından tikilib və sıx meşəlik ərazidə yerləşdiyindən, yay mövsümündə belə sərinlik təmin olunur – bu da kondisionersiz komfort deməkdir. Hər bir evdə qonaq və yataq otağı mövcuddur: iki nəfərlik yataq, açılan divan, rahat kreslolar, terrasda ocaq yeri, yellənçək, piknik masası və s.
VIP evlərdə qonaqlar kamin qarşısında kitab oxuya, çay içə və ya sadəcə təbiəti dinləyə bilərlər. Mətbəx olmasa da, çay və kofe hazırlamaq üçün bütün avadanlıq və guşə mövcuddur. Gündəlik tələbatlar üçün ən son avadanlıqlarla təchiz olunmuş hamam otaqları da xüsusi dizayn edilib.
Üstəlik, bu filialın fərqləndirici cəhətlərindən biri də WIFI bağlantısı və smart televizorların mövcudluğudur. Bu isə qonaqlara istirahət zamanı həm musiqi dinləmək, həm də yoqa kimi fəaliyyətlərlə məşğul olmaq imkanı verir.



Restoran və aktiv tur paketləri
İstirahət mərkəzində fəaliyyət göstərən çay kənarında yerləşən milli mətbəxə malik restoran, həm mənzərəsi, həm də menyosu ilə xüsusi maraq doğurur. Bununla yanaşı, öz yeməyini hazırlamaq istəyənlər üçün manqal və piknik zonası da fəaliyyət göstərir.
Aktiv istirahəti sevənlər üçün isə Qaranohur gölünə və Qədim Cavanşir Qalasına atla, piyada və ya avtomobillə təşkil olunan turlar mövcuddur. Tezliklə kvadrosikl turlarının da istifadəyə veriləcəyi gözlənilir.
Günübirlik istirahət üçün piknik zonası
Kompleksin ərazisi olduqca genişdir və yalnız kotteclər üçün deyil, həm də günübirlik piknik etmək istəyənlər üçün xüsusi zonalar da yaradılıb. Burada uşaqlar və böyüklər üçün əyləncə sahələri, manqal yerləri və təbiət qoynunda rahat zaman keçirmək üçün hər cür şərait mövcuddur.
TURİZMPLUS.AZ