PREZİDENT İLHAM ƏLİYEV: “Turist sayını 5-6 milyona çatdırmaq tamamilə real görünür”

Yanvar 6, 2026 15:51 / 118
PREZİDENT İLHAM ƏLİYEV: “Turist sayını 5-6 milyona çatdırmaq tamamilə real görünür”
A-
A
A+

“COVID-dən əvvəl bizdə turizm sahəsində kifayət qədər böyük artım var idi. Gələnlərin sayı hər il artırdı, sonra birdən-birə kəsildi. İndi biz həmin rəqəmləri bərpa edirik. Düşünürəm ki, bir neçə meyar Azərbaycanı cəlbedici edə bilər. Birincisi, təbii ki, təhlükəsizlik və sabitlikdir. Bu gün dünyada insanlar səyahət etmək qərarına gəldikdə onlar hər zaman ölkənin təhlükəsizliyini və sabitliyini nəzərə alırlar. Bir sözlə, Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

“İkincisi, onun yerləşməsidir. Ölkəmiz həm Asiyaya, həm də Avropaya yaxındır, bir növ onların qovuşduğu yerdədir. Əlbəttə ki, meyarlar sırasında zəngin mədəniyyət, tarixi abidələr, təbiətin müxtəlifliyi, doqquz iqlim tipi və inkişaf etmiş paytaxt var. Özü də təkcə paytaxt deyil, eləcə də bir çox turizm məkanları, doqquz beynəlxalq hava limanı, dəmir yolları və təbii ki, iqlim var. Bakıda və həmçinin bölgələrdəki iqlimi çox bəyənirəm. Xizəksürmə turizmi, çimərlik turizmi, piyada gəzinti, meşələr və xüsusən də nadir və bənzərsiz mətbəxi də əlavə etmək olar. Ölkəmizin çox qonaqpərvər, əcnəbiləri sevən insanları var. Bilirəm ki, Azərbaycanda yaşayan bir çox əcnəbilər özlərini evlərindəki kimi hiss edir.

Bir sözlə, ölkədə çox müsbət mühit, çox pozitiv insanlar var. Azərbaycan xalqı çox mehriban xalqdır. Ölkəmizə ilk dəfə səfər edən qonaqların, demək olar ki, hamısı Bakının gözəlliyi haqqında danışır. Görürük, onların çoxu deyir ki, insanlar gülərüzdür. Bir çox insanın üzündə təbəssüm var. Cəmiyyətdə yaxşı əhvali-ruhiyyə mövcuddur. Biz daha çox turist cəlb etmək üçün daha fəal olmalıyıq. Biz müxtəlif tədbirləri təşkil etməklə, bunları yerli səviyyədə və beynəlxalq arenada həyata keçirməyə çalışırıq. Misalçün, yarım milyard auditoriyası olan bir nömrəli idman tədbiri – Formula 1 yarışları təşkil olunur. Artıq on ildir ki, bu yarışlar keçirilir. Turistlərin də sayı ilbəil artır.

Bu il, iki aydan sonra Şahdağda ilk dəfə olaraq Xizəksürmə üzrə dünya çempionatı keçiriləcək. Həmin istirahət guşəsini ən yüksək beynəlxalq səviyyədə inkişaf etdirmək həm də bizim hədəfimizdir. Hazırda enişlərin təxminən 50 kilometri artıq hazırdır. Məsafə, ola bilsin, 55 və ya 60 kilometr olacaq. Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur.

Çox məsələlər hava xətlərindən asılıdır. Bu sahədə, həmçinin bir çox islahatlar həyata keçirilir. Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür”, – deyə Prezident qeyd edib.

Oxşar xəbərlər